Efir terroruna qarşı hüquqi sədd:

Efir terroruna qarşı hüquqi sədd: Azərbaycanın haqlı prinsipial mövqeyi

20 Avqust 2026

Bu gün savaşlar iqtisadiyyatdan tutmuş diplomatiyaya qədər hər sahəyə daşınıb... Hətta həyat tərzinə çevrilib desək yalan olmaz. Ənənəvi hərbi əməliyyatlar, səngər döyüşləri, zirehli texnika və ya pilotsuz uçuş aparatları ilə yanaşı, informasiya və psixoloji təsir vasitələri də əsas mübarizə alətinə çevrilib. Ən böyük zərbə də elə birbaşa televiziya ekranlarından, sosial şəbəkələrdən və qərəzli efirlərdən gəlir. Çünki, artıq fiziki sərhəd anlayışının rəqəmsal dünyada aradan qalxdığı reallıqda yaşayırıq.

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğunun qəbul etdiyi qərar bu reallığı bir daha göstərdi. Dövlətimizin ərazi bütövlüyünə hücum edən, açıq şəkildə terror və düşmənçilik təbliğatı aparan Rusiya vətəndaşı olan üç şəxs - aparıcı İvan Knyazev, özünü ekspert kimi təqdim edən Semyon Uralov və jurnalist Aleksey Çadayev beynəlxalq axtarışa verildi. Bu çox vacib və qətiyyətli bir addımdır. Bu sadəcə kimisə cəzalandırmaq istəyi deyil, ölkəmizin öz təhlükəsizliyini və informasiya məkanını qorumaq üçün atdığı addımdır.

Bu şəxslər efirlərdən və internet kanallarından Azərbaycanın qanuni addımlarını təhrif edib, separatçılara haqq qazandırmağa və milli ədavət toxumu səpməyə çalışıblar. Azərbaycan Ordusunun öz torpaqlarında apardığı qanuni tədbirləri "təcavüz", qanunsuz silahlıları isə "qəhrəman" kimi göstərmək birbaşa həqiqəti saxtalaşdırmaqdır. Bütün bunların arxasında duran əsas məqsəd isə Cənubi Qafqazda yaratdığımız yeni sülh mühitini pozmaq, regionda sabitliyin bərqərar olmasına mane olmaq və kənar qüvvələrin bölgədəki təsirini saxlamaqdır.

Qəribədir, kiminsə torpağında gözümüz yox, iddialı da deyilik. 30 ilin viranlarını abad edib üstəlik də dünyaya sülh diplomatiyası təqdim edən və təqdir görən ölkəyik. Zayed sülh mükafatı qazanmışıq və qazandırmışıq. Yaşıl enerjimizlə dünyanın diqqətini özümüzə çəkmişik. ABŞ, Çin, Yaponiya və digər ölkələrlə çoxşaxəli əlaqələrimiz müsbət dinamikadadır. Dünyaya viran olmuş torpaqlarımızda Ağıllı layihələr tətbiq edərək nümunə olmuşuq. Tarixin sınağından keçən Zəngəzurumuz açılır, biz nail olmuşuq buna... daha sayılası nələrimizin olduğunu “bilənlərin” “xislət azadlığından“ ustalıqla istifadə edəcəyi yerlərə də göz yumanların şüuraltısından, istismar müddəti keçmiş barıt iyi gəlir. Deyir, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”.

Ancaq beynəlxalq hüquq və tarixi təcrübə isə tamamilə başqa şey deyir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 19 və 20-ci maddələri, habelə BMT Təhlükəsizlik Şurasının 1624 saylı Qətnaməsi açıq şəkildə tələb edir ki, heç bir şəxs, o cümlədən media mənsubları zorakılığa, terrora çağırış və ya kəskin nifrət nitqi yaymaq üçün heç bir imtiyaza və ya toxunulmazlığa malik deyil. 

Jurnalistlərin məlumatlandırmaq hüququ qanunla qorunsa da, bu hüquq cəmiyyətin təhlükəsizliyini və ictimai asayişi qorumaq naminə zəruri hüquqi çərçivədə tənzimlənir.

Bu sahədə dəqiq və qəti hüquqi meyarları Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsi müəyyən edir. Məsələn tarixdə bənzəri olan nümunələrə nəzər salaq: "Zana Türkiyəyə qarşı" (1997) işində AİHM qərara alıb ki, terror təşkilatına və ya onun əməllərinə hətta dolayısı ilə dəstək verən bəyanatlar gərginlik mühitində zorakılığı alovlandırırsa, bu söz azadlığı sayıla bilməz. Digər bir insident olan "Sürek Türkiyəyə qarşı" (1999) işində məhkəmə təsbit edib ki, jurnalist və ya media sahibi başqasının yazdığı nifrət nitqini, zorakılıq çağırışını tirajlayırsa, buna görə birbaşa hüquqi məsuliyyət daşıyır. "Leroy Fransaya qarşı" (2008) işində isə terror aktına bəraət qazandıran karikaturanı dərc edən jurnalistin cəzalandırılması hüquqauyğun hesab edilib.

Daha kəskin bir tarixi nümunə isə Ruanda Beynəlxalq Cinayət Məhkəməsinin məşhur "Media işi"dir (2003). Orada radionun rəhbərləri və jurnalistləri "biz sadəcə mətbuat işçisiyik" desələr də, məhkəmə tarixi bir hökm çıxardı: "Əgər mikrofon və efir vaxtı zorakılığı, terroru və qətliamları təşviq etmək üçün silaha çevrilibsə, onu işlədən jurnalist birbaşa cinayətkardır". "Min Təpə" (RTLM) radiosu Ruanda soyqırımı zamanı nifrət nitqini kütləvi qırğın alətinə çevirmək üçün xüsusi psixoloji və efir taktikalarından istifadə etmişdir. Onlar da uzunmüddətli azadlıqdan məhrum edildilər. Çünki, jurnalistika peşəsi zorakılığın təşviq edilməsinə bəraət qazandırmır.

Bütün bu qəbul edilmiş beynəlxalq standartlar və hüquqi normalar göstərir ki, söz azadlığı heç kimə terrora çağırmaq, başqa dövlətin torpağına göz dikmək və nifrət yaymaq hüququ vermir. Azərbaycanın atdığı bu addım bir daha sübut edir ki, ölkəmizin suverenliyinə istər silahla, istərsə də mikrofon və efir vasitəsilə hücum edən hər bir şəxs hüquq qarşısında cavab verəcək və verməlidir. Çünki, ölkəmiz tarixdə imzaları möhtəşəm olan diplomatların, torpaqda Xarı bülbülə can verən qəhrəman oğulların, elinə- gününə, adına- ucalığına, bir sözlə bütövlüyünə sahib çıxan ali xalqı ilə Azərbaycandır.

Əfruz İbrahimqızı

Jurnalist