Bənəniyar su anbarını qidalandıracaq 6,5 kilometrlik kanalın 2,3 kilometrlik hissəsi inşa edilib
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illlər üzrə Dövlət Proqramı"na uyğun olaraq Bənəniyar su anbarının qidalandırılması məqsədilə Əlincə çayından çəkilən kanalın tikintisi davam etdirilir. Ümumi uzunluğu 6550 metr olacaq kanalın artıq 2300 metrdən çox hissəsi inşa edilib.
Bu barədə kanalın inşasını həyata keçirən “Hovers Group” MMC-nin sahə rəisi Ayaz Bayramov "NAXÇIVANXƏBƏRLƏRİ" -nə müsahibəsində məlumat verib. O bildirib ki, hazırda tikinti işləri sürətlə davam etdirilir.
Qeyd edilib ki, mənbəyini Əlincə çayından götürən kanalın 800 metri trapes formalı, 4550 metri düzbucaqlı kanaldan, 1200 metri isə diametri 1600 millimetr olan şüşə lifli borudan ibarət olacaq.
Ayaz Bayramovun sözlərinə görə, hazırda 1300 metr düzbucaqlı və 800 metr trapes formalı kanal çəkilib. Bundan əlavə, diametri 1600 millimetr olan şüşə lifli borularla təxminən 70-80 metr məsafədə iş görülüb.
Sahə rəisi tikinti işlərinin müəyyən edilmiş tapşırıqlara uyğun olaraq sürətlə davam etdirildiyini vurğulayıb.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov











