Naxçıvanda şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Avqustun 20-si saat 15:00-dan etibarən Naxçıvanda 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Elnur Qasımlı "NAXÇIVANXƏBƏRLƏRİ" -nə açıqlamasında bildirib ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək elektron yerdəyişmə prosesi 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Onun sözlərinə görə, şagirdlərin yerdəyişməsi sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Bunun üçün valideyn və ya qanuni nümayəndə portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və şagirdin köçürülməsini istədiyi məktəb üzrə müvafiq elektron sorğu yerləşdirməlidir.
Müraciətlər müəyyən edilmiş qaydalara uyğun olaraq, məktəbdə mövcud yerlər, tədris dili və digər meyarlar nəzərə alınmaqla dəyərləndiriləcək. Yerdəyişmə ilə bağlı müraciətin nəticəsini valideyn və ya qanuni nümayəndə şəxsi kabinet vasitəsilə izləyə biləcək.
Elnur Qasımlı qeyd edib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə rayon və şəhər təhsil şöbələrinə, həmçinin Naxçıvan “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








