Naxçıvan Dövlət Universitetində tələbəyönümlü tədris proseslərinin yeni keyfiyyət mərhələsi
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfəri çərçivəsində muxtar respublika üçün olduqca böyük tədbirlərin altın imza atdı. Bunlardan biri də, qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün 1000 yerlik yataqxana kompleksinin tikintisindən və bu məqsədilə də, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat vəsaitin ayrılmasından ibarət olmaqdadır.
Naxçıvan Dövlət Universitetinin xüsusilə də, son 6 il ərzində reallaşdırmış olduğu islahatlar, burada, elm və tədris proseslərinin daha dinamik əsaslarla inkişafına və perspektivliliyinə zəmin yaratmış, elmi fəaliyyətin təşkilində qiymətləndirilməsində yeni meyarların qəbuluna imkan vermiş, nəticə etibarı ilə, daha etibarlı ixtisaslaşma mühitinin əsaslarının müəyyən olunmasına təminat vermişdir. Yeni strukturlaşma mexanizmlərinin işləkliyinin təmin olunması, müasir elm və tədris sahəsindəki idarəetmənin istiqamətinə xas olan ixtisasların qəbul planlarına salınması, əmək bazarının dəyişən tələblərinə müvafiq olmaqla, daha çevik, daha aktual və daha tələb olunan ixtisaslar üzrə kadr və mütəxəssis hazırlığının həyata keçirilməsi, Naxçıvan Dövlət Universitetinin güclü dayaqlar üzərində inkişafına zəmin yaratmış oldu. Bu isə, bütün tərəflərinə görə, eyni zamanda, tələbəyönümlü tədris proseslərinin təşəkkülü sahəsində olduqca mühüm tərəflərinə görə seçilməkdədir.
Naxçıvan Dövlət Universiteti davamlı islahatlar müstəvisində olduqca mühüm keyfiyyət mərhələsini keçməkdədir. Ərazisində Texnoparkın inşa olunması, STEAM üzrə ixtisaslaşma mühitinin olması, tədrisi ingilis dilində olan ixtisasların təşəkkülü, bir çox yaradıcı layihələrin ortaya qoyulması, bütün tərəflərinə görə, universitetin keçdiyi yola abadlıq gətirməkdədir. Artıq bu potensialla, Naxçıvan Dövlət Universiteti, milli və beynəlxalq tədris proseslərinə daha dolğun əsaslarla inteqrasiya olunur və bu sahədə yeni uğurlar əldə etməkdədir. Eyni zamanda, ikili diplom layihələrinin nəzərdə tutulması, tələbələrin hər iki universitet tərəfindən tanınan diplomlarla təmin olunmasına zəmin yaradır ki, bu da, daha mütərəqqi ixtisaslaşma sahəsindəki əlçatanlıqlarını gücləndirmiş olur.
Dövlət tərəfindən gündəlik olaraq göstərilən qayğı və diqqətin nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində tələbələr müxtəlif Gənclər Təşkilatlarında fəal təmsil olunur, yeni startab layihələrini uğurla yerinə yetirir və hətta beynəlxalq təcrübə proqramlarında fəallıq göstərirlər və universitetimizi yüksək səviyədə təmsil edirlər. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu bir çox layihələr vardır ki, onların da hər birinin nəticəsi olaraq, universitetimiz həm də, beynəlxalq əməkdaşlıqlar sahəsində həlledici mərhələnin keçilməsini əlçatan edir. Təkcə onu qeyd etmək olar ki, 2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində tədris proseslərinə dəvət olunan əcnəbi müəllimlərin sayı 31 olmuş və onun 13 –ü təkcə iqtisadiyyat və idarəetmə fakültəsində fəaliyyətini davam etdirmişlər. Həmin mütəxəssislərin bizimlə birlikdə fəaliyyətindən səmərəli istifadə edən əməkdaşlar, müxtəlif tədqiqat qrupları yaratmış və onlarla müştərək elmi tədqiqatlar aparmaqdadırlar. Bunlarla yanaşı, universitetimizdə yaradılan əlverişli elmi araşdırma mühitinin nəticəsində əməkdaşların nüfuzlu elmi bazalarda çoxsaylı elmi məqalələr çap etdirməkdədirlər.
Tələbəyönümlü tədris mexanizmlərinin işləkliyinin nəticəsidir ki, artıq universitetimizdə mütəxəssis və kadr hazırlığı proseslərində müasir əmək bazarının tələbləri nəzərə alınmış, yeni ixtisaların əhatə olunduğu təhsil proqramlarının, tədris planlarının işlənməsi, hazırlanması və qəbul planlarının ortaya qoyulması mərhələləri uğurla davam etdirilməkdədir. Bunlar, həm bakalavr, həm də, magistratura təhsil səviyyələrini əhatəsinə almaqdadır ki, bunlar da, bütün tərəflərinə görə, modern təhsil təsisatlarının yaradılmasında olduqca əhəmiyyətlidir. Bütün bunlar imkan vermişdir ki, universitetin elm və tədris prosesləri, tamamilə, yeni reallıqlar, tələblər və çağırışlar əsasında qərarlaşsın, tələbələrin maraqlarının, məqsədlərinin və hədəflərinin ifadə olunduğu resurslar mərkəzinə çevrilə bilsin. Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu, əsaslarını qoyduğu və reallaşdırmış olduğu bütün layihələr tələbələr və onların etibarlı gələcəyi üçündür. Bu sırada, universitetimizin həyata keçirdiyi layihələrin bütünlükdə dövlətimiz tərəfindən dəstəklənməsi özünü hər addımda göstərir və bunu universitetin nəzdinə verilən təhsil və tədqiqat müəssisələrinin fəaliyyətində də daha aydın şəkildə görmək olar. Naxçıvan Musiqi, Texniki, Tibb kolleclərinin bu sırada adlarını çəkmək olar ki, onların hər birinin də bu sahədə önəmi böyükdür. Bununlar yanaşı, universitetin tərkibində, Beynəlxalq Məktəbin və Kembric məktəbinin fəaliyyət göstərmələri daha dinamik və etibarlı tədris proseslərinin dayaqlarını gücləndirməkdədir. Elmi tədqiqatların aparılması proseslərinin keyfiyyətinin, miqyasının və göstəricilərinin dinamik artım səviyyəsinin təmin olunması məqsədilə Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının, həmçinin, Astrofizika Rəsədxanasının universitetin tabeliyinə verilməsi mühüm amil olaraq qeyd oluna bilər.
Təbii olaraq, bütün bunlar, Naxçıvan Dövlət Universitetinin tələbələrlə iş üzrə fəaliyyətin təşkil olunması sahəsindəki idarəetmə mexanizmlərinin olduqca mühüm tərəflərinin ifadəsi olmaqdadır. Tələbələr üçün bütün imkanlarını səfərbər edən universitetimiz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olan Dövlət proqramında da təsbit olunan tədbirlərlə daha mütərəqqi inkişafı yoluna qədəm qoymaqdadır. Belə ki, bu əsasda da, Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin, ixtisaslaşma mühitinin sarsılmaz dayaqlarını yaratmışdır. Məhz dövlət başçısının 5 iyun 2023-cü il tarixdə təsdiq etmiş olduğu 3910 №-li Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Həmin tarixi hüquqi sənədin 4.1.9. Prioritet 9. İnsan kapitalının inkişafı adlanır və və burada da, Naxçıvan Dövlət Universitetinin mövcud inkişaf prosesləri, gələcək perspektivləri və burada ixtisaslaşma mühitinin etibarlılığı diqqət mərkəzində olmuşdur. Bütün bunların əsas mahiyyətini tələbəyönümlü tədris prosesləri təşkil etməkdədir.
İnkişafın indiki mərhələsində universitetimizdə 12 mindən artıq tələbənin ixtisaslaşması prosesləri böyük və güclü təcrübə əsasında həyata keçirilir. Əsas prioritet ondan ibarətdir ki, 2030-cu ilə qədər bu rəqəmin 20000 tələbə olması hədəflənib. Hazırda, 12000 tələbənin 25 faizi ölkəmizin digər bölgələrindən olan, 20 faizi isə dünyanın 20 ölkəsindən olan tələbələrdən ibarət olmaqdadır. Məhz tələbə kontigentinin artan dinamikasının yaradacağı təlabatı nəzərə almaqla, tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin həyata keçirilməsi olduqca mühüm göstərici olacaqdır.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Malik olduğu resurslarla, güclü, təcrübəli və peşəkar pedaqoji heyəti və fəal tələbə kontingenti ilə bu mərhələnin zəruri nəticələri olacaqdır. Çünki, bu sahədə, qətiyyət, sarsılmaz iradə və böyük hədəflər vardır.
Əşrəf ƏLƏKBƏROV
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru








