“Bu sahəyə yönəlməyə dəyər” – Babəkli sahibkar

“Bu sahəyə yönəlməyə dəyər” – Babəkli sahibkar

18 Avqust 2026

Babək rayonunun Zeynəddin kəndində moruq və böyürtkən yetişdirilməsi ilə məşğul olan sahibkar Vətən Abbasov “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində bu sahənin gəlirli və perspektivli olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasında ilk moruq və böyürtkən bağını yaradan sahibkar ümumi sahəsi 1,2 hektar olan təsərrüfatda 6 min böyürtkən və 4 min moruq tingi becərir. Hazırda bağda məhsul yığımı davam edir. Bu mövsüm təsərrüfatdan 5 tondan çox moruq və böyürtkən məhsulu yığılıb.

Sahibkarın sözlərinə görə, moruq və böyürtkən becərilməsi xüsusi qulluq və zəhmət tələb etsə də, məhsula bazarda tələbatın yüksək olması bu sahəni gəlirli istiqamətlərdən birinə çevirir. Əldə olunan nəticələr də təsərrüfatın gələcəkdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır.

Vətən Abbasov hesab edir ki, torpağı və təsərrüfat qurmaq imkanı olan şəxslər bu sahəyə yönələ bilərlər. Onun sözlərinə görə, kiçik sahədən başlayaraq işi düzgün qurmaq, becərmə qaydalarına əməl etmək və zamanla təsərrüfatı genişləndirmək mümkündür.

Sahibkar qeyd edir ki, Naxçıvanda moruq və böyürtkən kimi bazarda tələbat olan məhsulların becərilməsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Bu istiqamətdə yeni təsərrüfatların yaradılması həm məhsul çeşidinin artmasına, həm də fermerlər üçün əlavə gəlir imkanlarının formalaşmasına şərait yarada bilər.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov