Nazir: Naxçıvanda şəhid ailələri və müharibə əlilləri üçün ötən dövr ərzində 400-ə yaxın mənzil istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların rifahının və sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Nazir bildirib ki, avqustun 12-dən etibarən Naxçıvanda şəhid ailələri və müharibə iştirakçılarına mənzillərin təqdim olunmasına başlanılıb. Bu gün isə həmin kateqoriyadan olan vətəndaşlara daha 68 mənzil təqdim edilib.
Təqdim olunan mənzillərdən 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Culfa, Ordubad, Şahbuz və Kəngərli rayonlarında yerləşən yeni çoxmənzilli yaşayış binalarındadır.
Fərid Bağırzadə qeyd edib ki, bu gün təqdim olunan 68 mənzil də daxil olmaqla, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün 400-ə yaxın mənzil istifadəyə verilib.
Nazirin sözlərinə görə, həyata keçirilən tədbirlər dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu siyasət həmin kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsinə və onların layiqli həyat şəraiti ilə təmin olunmasına xidmət edir.








