Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib -

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib - FOTO

19 Avqust 2026

Görüşdə uşaqların ictimai həyatda fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi və onların qərar qəbuletmə proseslərində iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 19 avqust 2026-cı il tarixində keçirilən görüşdə şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının Məclisə təhkim olunmuş əməkdaşları, eləcə də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında Uşaq Səfirlər Məclisinin uşaqların hüquq və maraqlarının müdafiəsi, ictimai fəallığının artırılması və təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Komitə sədri bildirib ki, uşaqların hüquqlarının qorunması və hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. O, Məclis üzvlərinin fəaliyyətinin müəyyən edilmiş iş planına uyğun sistemli şəkildə qurulmasının vacibliyini qeyd edib və seçilən uşaqları təbrik edərək onlara uğurlar arzulayıb.

Görüşdə qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Tədbirlər Planının bəndləri nəzərdən keçirilib. Uşaqların ictimai həyatda iştirakının artırılması, uşaq hüquqlarının təşviqi və müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məclisin Naxçıvan Muxtar Respublikası üzrə kuratoru Taner Əsgərzadə isə bildirib ki, Uşaq Səfirlər Məclisi uşaqların öz hüquq və vəzifələrini öyrənməsi, ictimai proseslərdə fəal iştirakı və səslərini qərar qəbuletmə proseslərinə çatdırması məqsədilə yaradılmış Azərbaycanın ilk könüllü uşaq platformasıdır.

Qeyd olunub ki, platforma həmçinin uşaqlarda liderlik bacarıqlarının inkişafına və onların gələcəyin fəal, məsuliyyətli vətəndaşları kimi formalaşmasına xidmət edir.

Görüşün sonunda Uşaq Səfirlər Məclisinin nümayəndələrinə Məclisin nişanları və bayraqları təqdim olunub.