Naxçıvanda 63 mindən çox sabit telefon xətti var
Azərbaycanda sabit şəbəkə telefonlarından istifadənin azalması davam edir. 2025-ci ildə ölkə üzrə şəhər və kənd yaşayış məntəqələrində sabit telefon xətlərinin ümumi sayı 834 min 146 olub.
Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, 2021-ci ildə bu göstərici 1 milyon 377 min 164 təşkil edib. Beləliklə, beş il ərzində ölkədə sabit telefon xətlərinin sayı 39,4 faiz azalıb.
İqtisadi rayonlar üzrə göstəricilərə əsasən, 2025-ci ildə Naxçıvan iqtisadi rayonunda 63 min 170 sabit telefon xətti qeydə alınıb.
Naxçıvan bu göstərici ilə ölkənin iqtisadi rayonları arasında Bakı və Şəki-Zaqataladan sonra ən çox sabit telefon xəttinin olduğu ərazilərdən biri olub.
Məlumatlar sabit telefonlardan istifadənin ölkə üzrə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını göstərir.








