Əkin yerinin yandırılmasına görə hansı məsuliyyət nəzərdə tutulub? -

Əkin yerinin yandırılmasına görə hansı məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

28 Avqust 2026

Sual: Əkin yerinin yandırılmasına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?

Cavab: Torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir.

Əkin sahələrində məhsul toplandıqdan sonra qalıqların yandırılması ölkəmizdə yayılmış ənənədir. Torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq istifadə edilən əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Əkin sahələrindəki yanğınlar zamanı torpağın münbit qatı məhv olur. Torpağın münbit qatı yandıqda gələcəkdə məhsul vermir. Yay ayında yüksək gərginlikli elektrik xətlərinin keçdiyi və ya meşə təsərrüfatlarına yaxın ərazilərdə baş verən yanğınlar isə təhlükəni bir az da artırır. Ümumiyyətlə, torpaqların bu cür yandırılması aqro-texniki qaydalara uyğun deyil. Əkinə¬yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə bu əməli törətmiş şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə ki,  İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manat¬dan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

Torpaq mülkiyyətçiləri və icarəçiləri bol və keyfiyyətli məhsul istehsalı üçün torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş rejimə uyğun istifadə etmək, təsərrüfat fəaliyyətlərində torpağın münbit qatının korlanmasına yol verməməlidirlər.

Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər  İbrahimli tərəfindən cavablandırılıb.