Əziz Əliyev - Milli tibb təhsilinin memarı

Əziz Əliyev - Milli tibb təhsilinin memarı

24 Avqust 2026

Bu gün Azərbaycan səhiyyəsi və tibb təhsili müasir standartlara cavab verən, illər ərzində formalaşmış möhkəm bir təmələ malikdir. Lakin bu təkmilləşmiş sistemin arxasında təkcə elmi-texniki nailiyyətlər deyil, minlərlə insanın fədakar əməyi, milli tibb məktəbinin bünövrəsini qoyan alimlərin böyük iradəsi dayanır. Bu şərəfli yolun zirvəsində isə bir dahi şəxsiyyət ucalır: professor Əziz Məmmədkərim oğlu Əliyev. O, təkcə bir həkim deyil, Azərbaycanda milli tibb təhsilinin ideoloji və praktiki bünövrəsini qoyan misilsiz bir qurucudur.

Bəzi insanlar sanki taleyin hökmü ilə bir millətin gələcəyini inşa etmək üçün dünyaya gəlirlər. Əziz Əliyevin ömür yolu da məhz belə bir missiyanın təcəssümü idi. Onun gənclik illəri nə qədər ağır sosial və siyasi sınaqlarla dolu olsa da, bu çətinliklər onun elmə olan həvəsini qıra bilməmişdi. Maddi imkanlarının məhdud olmasına baxmayaraq, o, gənc yaşlarından təhsil almağa və ailəsinə dəstək göstərməyə çalışmışdır. Hacı Zeynalabdin Tağıyevin göstərdiyi maliyyə dəstəyi ilə onun Petroqrad Hərbi-Tibb Akademiyasında təhsil almaq imkanı yaranmış və bununla da gələcək həkim, alim və dövlət xadiminin peşəkar fəaliyyətinin ilk mərhələsi başlamışdır. Lakin tale onu daha böyük sınaqlarla üz-üzə qoydu. Atasının vəfatı və dövrün qanlı etnik münaqişələri onu təhsilini yarıda qoyub vətənə qayıtmağa, ailəsini qorumağa məcbur etdi. Naxçıvandan Cənubi Azərbaycana qədər uzanan köçkünlük yollarında, müharibə və xəstəliklərin tüğyan etdiyi bir şəraitdə o hər zaman insanların sağlamlığının keşiyində dayandı.

1923-cü ildən etibarən Əziz Əliyevin Bakıya köçməsi ilə əsl arzusunda olduğu tibb təhsilini davam etdirmək qərarı reallaşır və Petroqrad Hərbi-Tibb Akademiyasının birinci kursunu bitirdiyi nəzərə alınaraq Əziz Əliyev 1923-cü ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin 2-ci kursuna qəbul edilir. 1927-ci ildə isə universiteti əla qiymətlərlə bitirir. O, ali məktəbdə oxuduğu illərdə də daim yoldaşlarından seçilmiş və müəllimlərinin böyük rəğbətini qazanmışdır. Buna görə də o, universiteti bitirdikdən dərhal sonra terapiya kafedrasında işlə təmin edilmiş, burada əvvəl ordinator vəzifəsində çalışmış, sonra isə aspiranturaya qəbul edilmişdir. O, bu dövr ərzində pedaqoji fəaliyyətini davam etdirərkən eyni zamanda qısa müddət ərzində namizədlik dissertasiyası üzərində işləyərək onu başa çatdırmış və 1929-cu ildə uğurla müdafiə etmişdir. Elə həmin il daxili xəstəliklərin diaqnostikası kafedrasının dosenti vəzifəsinə seçilir. Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev dərin nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, ciddi, real, praktik məktəb keçərək həm əsl alim, həm də qurucu-təşkilatçı kimi formalaşır.

Həmin dövrlərdə Əziz Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanda tibb sahəsinin gələcəyini inkişaf etdirmək üçün milli kadrların yetişdirilməsi əsas şərtlərdən biridir. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir hissəsi kimi fəaliyyətə başlayan Azərbaycan Tibb İnstitutunun əsl yaradıcılarından biri də məhz Əziz Əliyevdir. 1932-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə seçilən Əziz Əliyev yeni yaradılmış bu institutda yüksək bacarıqlara malik kadrların olması üçün güclü akademik heyətin formalaşdırılmasını əsas vacib məqamlardan biri hesab edirdi. Həmin illərdən etibarən Əziz Əliyev institutda dərs deyən müəllimləri Moskvaya və digər şəhərlərə ixtisasartırma kurslarına göndərmiş, əlavə olaraq davamlı şəkildə  ittifaqın müxtəlif  bölgələrindən tanınmış professorları institutda tədris prosesinə cəlb etmişdir.

Milli tibb təhsilinin bünövrəsini qoymaq ideyasının öz ana dilimizdəki tibb kitablarının yazılmasından başladığını əsas götürən Əziz Əliyev rəhbərlik etdiyi dövrdən etibarən ilk dəfə olaraq Azərbaycan dilində tibb kitablarının yazılması üçün mühüm addımlar atmışdır. Belə ki, onun müəllifi olduğu, 1934-cü ildə yazıb çap etdirdiyi “Klinik analizlər” kitabı klinik-laborator diaqnostika üsullarına dair Azərbaycan dilində çap edilmiş ilk dərslik idi. Əziz Əliyevin namizədlik dissertasiyasının materiallarını əks etdirən bu kitab tibb tələbələri və həkimlər üçün əvəzolunmaz tibbi biliklər mənbəyi olmuşdur və bu kitab uzun müddət öz aktuallığını itirməmiş, hər zaman ilk müraciət olunan kitablardan olmuşdur.

O dövrdə Əziz Əliyevin təşəbbüsü ilə milli kadrlarımızdan H.Q. Səfərov və A.S. Həsənovun “Fizioloji kimya”, M.M. Mirqasımovun “Ümumi cərrahlıq”, K.Ə. Balakişiyevin “Normal anatomiya üzrə praktik məşğələlərə rəhbərlik”, C. Hüseynovun “Patoloji anatomiya”, M. Qəniyevin “Mikrobiologiya kursu”, Y. Qazıyevin “Ağciyər vərəmi”, Ü. Musabəylinin “Göz xəstəlikləri”, Ə. Talışınskinin “Travmatologiya” dərslikləri, həmçinin digər dərslik və dərs vəsaitləri işıq üzü görmüş, İ. Berberinin “Burun, boğaz, qulaq xəstəlikləri”, A. Qalitsinin “Uşaq xəstəlikləri”, V. Skvortsovun “Farmakologiya kursu” və digər mütəxəssislərin dərslikləri dilimizə tərcümə edilərək tələbələrin istifadəsinə verilmişdir. Təkcə 1933–1935-ci illər ərzində respublikamızda tibb elminin müxtəlif sahələrini əhatə edən 39 adda dərslik və dərs vəsaiti çap edilmişdir. Bu kitabların ana dilimizdə yazılması milli kadrların yetişdirilməsi və gənclərin tibb sahəsinə yönəldilməsi üçün əsas açar rolu oynayırdı. Məhz buna görə də Əziz Əliyevin rəhbərliyi altında dərs üçün hazırlanmış bu kitabların bir çoxu hələ də tibb universiteti kitabxanalarında öz yerini qoruyub saxlamışdır.

Azərbaycan Tibb İnstitutunun kitabxana fondunun yaradılmasında da Əziz Əliyevin izlərini görmək mümkündür. O, keçən əsrin 30-cu illərindəki iqtisadi çətinliklər şəraitində öz şəxsi vəsaitini, təşkilatçılıq qabiliyyətini, bütün qüvvə və bacarığını ADTİ-nin kitabxana fondunun zənginləşdirilməsinə sərf etmiş və bu sahədə böyük uğur əldə etmişdir. Nəticədə Əziz Əliyevin instituta rəhbərlik etdiyi illər ərzində kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparmış, kitabların sayı 90 mini ötmüş və onların 15 mindən artığı Azərbaycan dilində olmuşdur.

Həmin dövrdə təhsil almağın nə qədər çətin olduğunu ən yaxşı Əziz Əliyev bilirdi, axı özü də ən çətin dönəmlərdən keçərək həkimlik peşəsinə yiyələnmişdi. Buna görə də Əziz Əliyev hökumət qarşısında kənd rayonlarından Bakıya təhsil almağa gələn gənclərə güzəştli şərait yaradılması haqqında məsələ qaldırdı. Beləliklə, 1933–1934-cü illərdə Əziz Əliyevin təşəbbüsü ilə Bakıdakı orta məktəblərdən birində tələbə yeməkxanası təşkil edilib və burada tibb institutunun tələbələrinə pulsuz yemək verilib. Bunun ardınca Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yarada bilib. O, bu fondun köməyi ilə imkansız tələbələrə hər il müxtəlif geyimlər aldırmış, onların daha həvəslə oxumalarına şərait yaratmışdır.

Əziz Əliyevin tələbəsi, tibb elmləri doktoru, professor Abdulla Quliyev öz xatirələrində qeyd edir ki, tələbəlik dövründə ilk paltosunu ona Əziz Əliyev almış, lakin ona bunu universitet fondundan verildiyini deyirmiş. O, sadəcə elm xadimi, bir direktor deyil, həm də yüksək keyfiyyətlərə malik, daim tələbələrin yanında olan bir müəllim olmuşdur. Tibb elmləri doktoru, professor Cəmil Əliyev isə verdiyi müsahibələrin birində qeyd edir ki: “Atam hər zaman universitetdə dərs dediyi tələbələri evə gətirər, bizi onlarla tanış edər, onların problemləri ilə yaxından maraqlanardı”. Əziz Əliyev haqqında olan bu fikirlər onu bir daha daxili aləminin böyüklüyündən xəbər verir.

Əziz Əliyev kəndləri və rayonları gəzərək istedadlı gəncləri tapır və onları Tibb İnstitutuna yönəldərdi. Bununla belə, Əziz Əliyevin rəhbərlik etdiyi dövrə təsadüf edən 1932–1936-cı illər ərzində institutu bitirən 1500 gəncin yarısından çoxu azərbaycanlılardan ibarət oldu. Əziz Əliyev 1936-cı ildə “Azərbaycan Medisina (tibb) Jurnalı”nın 4–5-ci nömrələrində çap etdirdiyi məqalədə institutun əldə etdiyi nailiyyətlərdən bəhs edərək yazırdı ki, cari il ərzində institut 297 gənc həkim hazırlamış, burada 50-dən artıq dərslik çap edilmiş, institutun mətbu orqanı olan “Tibb Kadrları Uğrunda” qəzetinin 52 nömrəsi çapdan çıxmışdır.

Əziz Əliyev ADTİ-də işlədiyi müddətdə özü elmi tədqiqatla məşğul olmaqla yanaşı, ətrafındakı müəllim və həkimləri də daim tədqiqata cəlb etmişdir. İnkişaf edən bir təhsil davamlı tədqiqatın üzərində qurulur. Onun təşkilatçılığı və rəhbərlik qabiliyyəti sayəsində Azərbaycan tibb alimləri keçmiş ittifaq miqyasında böyük nüfuz qazanmış, məhz bunun nəticəsi idi ki, tibb alimlərinin 1937-ci ildə keçirilmiş Ümumittifaq müsabiqəsində Azərbaycan Tibb İnstitutunun 21 nəfər əməkdaşı iştirak etmiş, onlardan 8 nəfərin elmi işi mükafata layiq görülmüşdü. Mükafatlandırılanlar sırasında Əziz Əliyevin özü ilə birlikdə Ə.S. Həsənov, S. Məmmədzadə və digər Azərbaycan alimləri var idi. 1937-ci ildə SSRİ Ali Sovetinin Millətlər Şurasında milli tibb kadrları hazırlığının vəziyyəti müzakirə edilərkən bu problemin uğurlu həll edildiyi respublikalar arasında Azərbaycanın adı xüsusi qeyd edilmişdi.

Əziz Əliyevin rəhbərlik etdiyi qısa bir dövrdə belə Azərbaycan Tibb İnstitutunda yüksək elmi-pedaqoji kadrlar hazırlanmış və elmi dərəcələr almağa nail olmuşlar. O vaxt cəmi 4 il ərzində institutun əməkdaşlarından 11 nəfər doktorluq və 30 nəfər namizədlik dissertasiyası müdafiə etmişdi ki, bu da həmin dövrün şərtlərində   kifayət qədər uğurlu nəticə idi və onlardan 19 nəfərinin milli kadr olması  Azərbaycan səhiyyəsi üçün parlaq dönəmin başlanğıcı kimi hesab etmək olardı. Həmin illərdə doktorluq dissertasiyası müdafiə edənlər arasında C.Y. Hüseynov, K.Ə. Balakişiyev, Ü. Musabəyli, A.S. Həsənov və başqaları var idi. Məhz bu şəxsiyyətlərdir ki, indi bütün tibb tələbələri həmin professor-həkimlərin yazdığı kitablara müraciət edir. Əziz Əliyevin Azərbaycan səhiyyəsinə bəxş etdiyi bu alimlər özləri də öz elmi məktəblərini yaratmış və onların davamçıları günümüzə qədər gəlib çıxmışdır.

Ona boşuna “Qurucu Əziz” demirdilər. Bu günkü həmin institutun həm elmi-texniki bazasını, həm də Tibb Universitetinin əsasını təşkil edən korpuslar Əziz Əliyev tərəfindən qurulub yaradılmışdır. Professor Əziz Əliyevin Tibb İnstitutuna rəhbərlik etdiyi illərdə bir çox kafedraların bazaları genişləndirilmiş, kadr potensialı artırılmış, yeni tədris binaları və tələbə yataqxanaları tikilmişdi. Onun təşəbbüsü ilə tibb şəhərciyinin tikintisinə başlanılmışdır. O vaxt əsası qoyulmuş yeni tədris korpuslarından biri – memarlıq üslubuna görə indi də seçilən “anatomiya korpusu” adlanan binadır.

Həmin illərdə ən çətin məqamlardan biri tibb nəşriyyatının yaradılması idi və Əziz Əliyev bu məsələnin də öhdəsindən uğurla gəlmişdir. Əziz Əliyevin yaratdığı möhtəşəm ilklər sırasında “Praktiki və nəzəri tibb” jurnalının, eləcə də ATİ-nin orqanı olan çoxtirajlı “Tibb kadrları uğrunda” adlı qəzetin nəşrinə başlanılması Azərbaycan tibb təhsilində yeni bir dövrün başlanmasına, davamlı tibb nəşrlərinin çap olunmasına şərait yaratmışdır. 1933-cü ildən fəaliyyətə başlayan bu maarifləndirici qəzet hazırda yeni formatda ATU-da “Təbib” adı altında nəşr olunur. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin himayəsi ilə çap olunan və dünyanın hər yerində tanınan “Azərbaycan Tibb Jurnalı” bir müddət Əziz Əliyevin ATİ-də yaratdığı nəşriyyatda çap olunub. Əziz Əliyev 1929-cu ildən bu sanballı jurnalın məsul katibi, 1935-ci ildən isə onun baş redaktoru vəzifəsində çalışıb.

Əziz Əliyev yalnız milli tibb təhsilinin bünövrəsini qoymamış, Azərbaycan səhiyyəsinin təşkilatçılığında da böyük xidmətləri olmuşdur. 1928-ci ildə Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, 1929-cu ildə Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, 1934-cü ildə Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı, 1952-ci ildə Azərbaycan ET Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru və 1959-cu ildən ömrünün sonuna qədər bu gün Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etmişdir.

Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində işləyən zaman Əziz Əliyevin sədrliyi ilə Vətən müharibəsi dövründə  Epidemiyaya qarşı mübarizə üzrə Fövqəladə Komissiya yaradılmış, məhz bu komissiyanın fəaliyyəti sayəsində müharibə illərində Azərbaycanda ciddi epidemiya təhlükəsi olmamışdır. Həmin illərdəki ağır iqtisadi şəraitdə cəbhə bölgələrindən Azərbaycana gətirilən yaralı döyüşçülərə yardımın yüksək səviyyədə təşkil edilməsi, ciddi əksepidemik tədbirlər görülməsi, arxa cəbhədə əhalinin sağlamlığının mühafizəsi böyük fədakarlıq tələb edirdi. Əziz Əliyevin rəhbərlik etdiyi Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı bu vəzifələrin öhdəsindən bacarıqla gəlir.

Bunlardan əlavə olaraq, həmin dövrdə əhali arasında geniş yayılmış traxoma və malyariya epidemiyasının qarşısını almaq üçün regionlarda dispanserlər və stansiyalar yaradaraq ağır xəstəliklərin yayılmasının qarşısını ala bilmişdir. Fəaliyyəti dövrlərində yaranan bütün problemlərdə tibb işçilərinin ilk ünvanı Əziz Əliyev olurdu. Buna görədir ki, o, tibb işçiləri arasında “Təcili yardım” adlandırılır, ictimaiyyət arasında isə “Cəmiyyətin loğmanı” olaraq hesab edilirdi. Bütün vəzifələrdən öncə o, bir həkim idi və xəstələrin sağlamlığına qovuşmasını hər zaman hər şeydən öndə tutur və bunun üçün əlindən gələni əsirgəmirdi. Elə buna misal olaraq onun öz xəstələrinə düşünmədən qan verməsi və mütəmadi donor olmasını göstərə bilərik. O deyirdi: “Səhiyyə sahəsində işləyən öz qanını qurban etməyi bacarmalıdır. Bu qəhrəmanlıq deyil, adi əxlaq normasıdır”. Əziz Əliyevin bu davranışı bir daha həkimlik peşəsinin aliliyini və bu dahi şəxsiyyətin nəcibliyinin, peşəsini layiqincə yerinə yetirdiyinin ən böyük sübutu hesab oluna bilər.

Əziz Əliyev Azərbaycan səhiyyəsində və milli tibb təhsilimizdə silinməz bir iz buraxmışdır. Bu gün ölkəmizdə tibb təhsilinin müasir standartlara cavab verməsi, heç bir ölkədən geri qalmaması və öz milli kadrlarımızı yetişdirməyimizin əsas səbəblərindən biri Əziz Əliyevin memarı olduğu bu tibb təhsilimizin formalaşdırdığı möhkəm təməldir. Onun qurub yaratdığı Azərbaycan Dövlət Tibb İnstitutu bu gün universitet səviyyəsində davamlı olaraq savadlı kadrların hazırlanmasına xidmət edir.

Əziz Əliyevin qoyduğu bu irs onun övladları – Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın Azərbaycan tibbində əvəzsiz yerə malik olması, traxoma xəstəliyinin müalicəsi istiqamətində gördüyü işlər və oftalmologiya sahəsində ən yüksək mükafat sayılan “Averbax” mükafatını qazanan ilk qadın alim olması ilə davam etdirilmişdir. Böyük oğlu tibb elmləri doktoru, professor Tamerlan Əliyev uzun illər ərzində Azərbaycan Tibb Universitetində kafedra müdiri vəzifəsində işləmiş, respublikanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Kiçik oğlu tibb elmləri doktoru, professor Cəmil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru vəzifəsində çalışır. Əziz Əliyevin adını daşıyan nəvəsi tibb elmləri doktoru, professor Əziz Cəmil oğlu Əliyev isə bu gün İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışır və babasının irsini layiqincə davam etdirir.

Bu gün tibb universiteti və fakültələrində təhsil alan və həkim adını qazanmış bütün məzunlar professor Əziz Əliyevin irsini daşıyır. Onlar çox yaxşı başa düşür ki, bugünkü tibb təhsilinin, güclü akademik heyətin və texniki bazanın formalaşmasında Əziz Əliyevin böyük rolu olmuşdur. Hər bir həkim Əziz Əliyevin ideallarını əsas tutaraq layiqincə öz peşəsini icra edir. Bu gün bütün Azərbaycan xalqı Əziz Əliyevin irsini və xatirəsini əziz tutur, daim yaddaşlarında silinməz bir iz olaraq saxlayır. 130 illik yubileyi ərəfəsində bu dahi şəxsiyyəti anmaq, təkcə tarixə nəzər salmaq deyil, həm də xalqa xidmətin ən uca nümunəsini ehtiramla yad etməkdir. Azərbaycan səhiyyəsi hər zaman Əziz Əliyevə minnətdar olacaq, onun adı milli tibb tariximizin qızıl yaddaşında, yaratdığı məktəb isə minlərlə insanın şəfa tapdığı ünvanlarda əbədi yaşayacaqdır.

Şövkət ƏLİSOY

Naxçıvan Dövlət Universiteti

Tibb ixtisası üzrə SABAH qrupları IV kurs tələbəsi