Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

17 Mart 2025

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb və ordeni ona təqdim edib.

Görüşdə Azərbaycan ilə Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, mədəni, humanitar və digər istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyi, bu istiqamətdə əməli addımlar atdığı diqqətə çatdırılıb.

Söhbət zamanı, həmçinin Qəzzada olduqca çətin humanitar vəziyyətin həllinin, atəşkəsə əməl olunmasının əhəmiyyəti qeyd olunub.

Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, Prezident tərəfindən ali ordenlə təltif olunmasına və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.