Gürcüstan və Azərbaycan kənd təsərrüfatı sahəsində işçi qrupu yaradacaq
Gürcüstan və Azərbaycan arasında kənd təsərrüfatında sektorlar üzrə əməkdaşlığın artırılması üçün işçi qrupu yaradılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun görüşündə bildirilib.
Görüşdə tərəflər ölkələr arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
D.Sonqulaşvili azərbaycanlı həmkarını aqrar sektorun inkişafına dəstək verən dövlət proqramları ilə tanış edib, kənd təsərrüfatı məhsulları və ərzaq ticarətinin təşviqi məqsədilə Gürcüstan və Azərbaycan arasında imzalanmış memorandumun əhəmiyyətini vurğulayıb. O, əsas diqqəti ixrac potensialına malik Gürcüstan məhsullarına yönəldib.
Görüşdə qida təhlükəsizliyi, baytarlıq, fitosanitariya, eləcə də elmi tədqiqatlar və sahəvi təhsil proqramları sahələrində əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyi müzakirə edilib. Söhbət zamanı ölkələr arasında kənd təsərrüfatı sahəsində sektorlararası əməkdaşlığın səmərəliliyinin artırılması üçün işçi qrupların yaradılması məqsədəuyğun hesab olunub.
"Biz nazirliklərimiz arasında birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik. İnanırıq ki, bu birgə işçi qrup ölkələrimiz arasında, xüsusən də kənd təsərrüfatı və qida sektorunda əməkdaşlığa kömək edəcək. Biz kənd təsərrüfatı sektorunda ticarətin genişləndirilməsi barədə danışdıq, əlbəttə ki, bu, nazirlə görüşdə həlledici və müzakirə etdiyimiz əsas mövzulardan biri idi", - deyə Məcnun Məmmədov bildirib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili, nazir müavinləri Laşa Dolidze, Laşa Avaliani, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.








