Həsrətin bitdiyi yoldan Kəlbəcərə

Həsrətin bitdiyi yoldan Kəlbəcərə

28 Avqust 2026

Ən böyük arzum idi Zəngəzur dəhlizindən keçərək Kəlbəcərə getmək. Ən azından dəhlizin Naxçıvan hissəsindən başladığı məkanı görmək.

Bu gün "Məktəbli qəzeti"nin həvəskar müxbiri olaraq arzuma qovuşdum. Mənim üçün ən böyük qovuşma idi Zəngəzur yolunu görmək.

Zəngəzur dəhlizinin Ordubad rayonunun Kotam kəndi hissəsindən başlanan nöqtəsində dayanaraq doğma ata-baba yurduma gedən yola qucaq açdım. Sanki ruhum təzələnirdi bu yolun başlanğıcında. Atam həmişə mənə doğulduğu ata-baba yurdu – Kəlbəcərdən söhbət edərdi. Mən də onun söhbətlərini diqqətlə dinləyərək öz doğma Naxçıvanım (Ordubadım) kimi sevdim o torpaqları. Bəlkə də torpağı sevmək övlada atasından keçir. Çünki ata Vətənin keşiyində dayanaraq övladına torpağın sadəcə yaşanılan yer deyil, uğrunda canından keçəcəyin və qoruyacağın müqəddəs əmanət olduğunu öyrədir.

İndi bu yolun başlanğıcında dayanıb düşünürəm. Elə o anda gözüm Arazın o tayına çevrildi. Bir zamanlar Cənubi Azərbaycandan keçərək Gəncə şəhərinə getdiyimiz günü xatırladım. Atamın inamla söylədiyi fikir səslənirdi qulaqlarımda: “Gün gələcək, Naxçıvandan Kəlbəcərə öz avtomobilimizlə gedəcəyik”.

Öz-özümə pıçıldayıram: “Bu gün həmin günün başlanğıcıdır”.

Gözlərimdən süzülən sevinc göz yaşlarını günəşin istisi elə üzümdəcə qurudur. Mənə tərəf gələn sərhədçinin ayaq səsləri “Əyləş maşına” sözləri ilə əvəz olundu. Maşına əyləşib Zəngəzur dəhlizinin Salamməlik stansiyasına yol alırıq.

Yol boyu gördüklərim məni heyrətləndirirdi. “Ən gözəl rəssam təbiətdir”, – deyiblər. 100 dəfə eşitməkdənsə, bir dəfə görmək, 100 dəfə görməkdənsə, bir dəfə hiss etmək yaxşıdır.

Sağ tərəfdə sakit axan Araz, sol tərəfdə baş-başa verib ucalan boz qayalar... Arazın sakit axışının mənə çox şey danışdığını hiss edirdim. Qayalara baxdıqca düşünürdüm ki, bu qayalar neçə-neçə insanın xatirəsini, həsrətini və yarımçıq qalan arzularını özündə yaşadır.

Salamməlik stansiyasına yaxınlaşdıqca yolun bərpa işlərinin daha sürətli getdiyini gördüm. “Yol mədəniyyətdir”, – deyiblər. Amma bu yol mənim üçün sıradan bir yol deyildi. Ağır texnikalar hər daşı götürüb yerinə qoyduqca sanki arzularıma addım-addım çatırdım. Bu yol mənim arzularımın gerçəyə çevrilməsinin başlanğıcıdır.

Amma bu başlanğıcın arxasında təkcə mənim arzularım dayanmırdı. Bu yolun hər qarışında bir xalqın uzun illər daşıdığı həsrət, şəhidlərimizin müqəddəs qanı və Vətən uğrunda verilmiş böyük mübarizə dayanır.

Bu gün biz bu yollara həsrət qalmadan baxa biliriksə, bunu Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizə borcluyuq. Onlar torpağın sadəcə torpaq olmadığını, Vətən uğrunda ölümün belə müqəddəs olduğunu öz canları ilə göstərdilər.

Bu qələbənin arxasında illərlə yaşadılan böyük bir ideal da vardı. Ulu Öndər Heydər Əliyevin Vətənimizin ərazi bütövlüyü və Qarabağın azadlığı ilə bağlı arzusu illər boyu xalqın yaddaşında yaşadı. Bu gün həmin arzunun gerçəkləşməsində şəhidlərimizin qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi irsinə və ata vəsiyyətinə sadiqliyinin də böyük mənası var. Qarabağın və Şərqi Zəngəzurun azadlığı ilə bu yolun qarşısındakı ən böyük mənəvi maneələrdən biri də aradan qalxdı.

Maşın dayanır. Sərhədçi asta səslə: “Bura Salamməlik stansiyasıdır”, – deyir və mən maşından düşərək kiçik addımlarla köhnə binanın qarşısına addımladım.

İlk baxışdan onun nə qədər qocaman olduğu hiss olunurdu. Divarlarında ayrılığın əl izi, hər daşında bir insan nəfəsi vardı sanki. Amma bu köhnəlik onun əzəmətinə heç də kölgə salmırdı. Əksinə, hər daşı bir hekayə, bir xatirə, bir tarix danışırdı...

Mənə elə gəldi ki, bu bina neçə-neçə insanı yazın yağışından, yayın yandırıcı günəşindən, payızın küləyindən, qışın sərt şaxtasından qorumuşdu. Neçə insan burada dayanıb yol gözləmiş, neçə ayrılığa, neçə-neçə qovuşmaya şahidlik etmişdir. İndi isə soyuq baxışlarla ona qucaq açan insanları gözləyirdi.

Diqqətimi ən çox binanın önündəki tut ağacı çəkdi. Yarpaqlarının açıq-yaşıl rəngdə olması mənə bir ümid hissi verirdi. Sanki bu ağac da illərlə içində daşıdığı həsrəti və kədəri artıq sevincə çevirirdi. Bəlkə də o vaxtilə bu stansiyadan keçən, burada dayanıb yol gözləyən insanları görmüşdü. İndi həmin insanları görməsə də, yeni nəslin gəlişinə hazırlaşırdı.

Tut ağacına baxıb düşündüm: Təbiət heç nəyi unutmur. Ağaclar da torpağın yaddaşıdır. Bəlkə də bu tut ağacı illərdir bir gün yenidən körpə uşaqların səsini eşidəcəyi, insanların bu stansiyaya qayıdacağı günü səbirsizliklə gözləyib. Külək əsib yarpaqları yellətdikcə mənə elə gəlirdi ki, yarpaqlar deyir: “Həsrət bitir, sevincli günlər başlayır”.

Artıq geri dönmək zamanıdır. Anamın səsi eşidilir. Yavaşca maşına əyləşib geri dönürük.

Ürəyimdə pıçıldayıram: “Qoy Araz həmişə belə sakit axsın, bu qayalar həmişə yerində əzəmətlə, ucalıqla dayansın, tut ağacı hər bahar yeni yarpaqları ilə ümidimizi yaşatsın.

Qoy Zəngəzur yolu ayrılığa son qoyaraq qovuşdursun! Yollarımız açıq, sabahlarımız işıqlı, arzularımız gerçək olsun!”

Mehriban YUSİBLİ

Nürgüt kənd tam orta məktəbinin şagirdi