İnvestisiya təşviqi sənədi almaq üçün strateji layihələrinin istiqamətləri genişləndirilib

İnvestisiya təşviqi sənədi almaq üçün strateji layihələrinin istiqamətləri genişləndirilib

19 İyun 2026

Prezident İlham Əliyev 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"ndə dəyişikliklər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərini genişləndirilib. Siyahıya aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri, kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri, avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri, kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri, informasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri aid edilib.

Bundan başqa, yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələrinə konkret olaraq bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri aid edilib, ölkədə istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və yaxud qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələri yaradılması istiqamətində həyata keçirilən "Azərbaycanda ilk" ("First in Azerbaijan") layihələri ölkədə istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri ilə əvəzlənib.