İran Azərbaycanla sərhəddə avtomobil idxalı üçün yeni marşrut istifadəyə verib

İran Azərbaycanla sərhəddə avtomobil idxalı üçün yeni marşrut istifadəyə verib

20 May 2026

İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayılıb.

Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib.

Qərarın avtomobil idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə tələbatın artması fonunda qəbul edildiyi bildirilir.

İran rəsmilərinə görə, təşəbbüsün əsas məqsədi idxal prosedurlarını sürətləndirmək, digər gömrük məntəqələrində yükü azaltmaq, eləcə də nəqliyyat və anbar xərclərini optimallaşdırmaqdır.

Qeyd olunur ki, yeni marşrutun açılması avtomobillərin gömrük rəsmiləşdirilməsini sürətləndirəcək, anbar infrastrukturundan daha səmərəli istifadəni təmin edəcək və əməliyyat xərclərinin bir hissəsini azaldacaq.

Biləsuvar gömrük məntəqəsinin Qafqaz nəqliyyat yollarına və Azərbaycan sərhədinə yaxınlığı səbəbilə İranın şimal-qərb regionlarının ticarətində strateji əhəmiyyət daşıdığı vurğulanır.