İtirilmiş əşyanı tapan şəxsin hüquq və vəzifələri... HÜQUQ MƏSLƏHƏTİ
Sual: İtirilmiş əşyanı tapan şəxs onu nə etməlidir və bu halda tapıntıya mülkiyyət hüququ əldə edirmi?
Cavab: İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, əşyanın mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya mülkiyyətçi məlum deyilsə, dərhal polisə məlumat verməli və əşyanı təhvil verməlidir.
Mülkiyyətçi məlum olmadıqda və ya mülkiyyətçinin əşyaya hüququ polisə bildirilmədikdə, tapıntı barədə məlumat verildiyi tarixdən bir il keçdikdən sonra əşyanı tapan şəxs ona mülkiyyət hüququ əldə edir. Bu zaman həmin əşya üzərində digər bütün hüquqlara xitam verilir.
Əşya səlahiyyətli şəxs tərəfindən qəbul edildikdə, onu tapan şəxs tapıntının dəyərinin 5 faizinədək bəxşiş, həmçinin saxlanma xərclərinin ödənilməsini tələb edə bilər. Tapıntını gizlədən və ya barədə məlumat verməyən şəxsin bəxşiş almaq hüququ yaranmır.
Əşyanı tapan şəxs mülkiyyətdən imtina edərsə, səlahiyyətli orqan bir il sonra əşyanı auksionda sata, azqiymətli olduqda pulsuz özgəninkiləşdirə və ya məhv edə bilər.
Tez xarab olan əşyalar, heyvanlar və ya saxlanması böyük xərc tələb edən əşyalar üçün bir illik müddət tətbiq edilmir və onların özgəninkiləşdirilməsindən əldə olunan vəsait mülkiyyətçiyə qaytarılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








