Kamil Arslan: Türkiyə ilə Naxçıvan arasında ticarət əlaqələri sürətlə inkişaf edir
İğdır Ticarət və Sənaye Palatasının sədri Kamil Arslan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Türkiyə ilə Naxçıvan arasında ticarət əlaqələrinin dinamik inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, illər öncə sərhədlərin açıldığı ilk dövrlərdə Naxçıvanla Türkiyə arasında ticarətdə idxalat 2 milyon dollar, ixracat isə 3-5 milyon dollar civarında olub. Hazırda isə bu rəqəmlər 200 milyon dollardan artıqdır.
Kamil Arslan Türkiyə, xüsusilə də İğdırdan olan iş adamların Naxçıvanda müxtəlif sahələrə investisiyalar yatırdığını və yatırmağa maraq göstərdiyini vurğulayıb:
"Ən çox İğdırlı sahibkarlar Naxçıvanda fəaliyyət göstərir. Onların yatırımları əsasən məişət texnikası (bəyaz əşyalar), qənnadı məhsulları, xidmət sektoru və digər sahələri əhatə edir. Bu isə iqtisadi əməkdaşlığımızın daha da genişlənməsinə töhfə verir".
Türkiyə və Naxçıvan iş adamları arasında münasibətlərin daha da gücləndirilməsi məqsədilə mütəmadi görüşlərin təşkil olunduğunu bildirən Kamil Arslan, hər iki tərəfin üzləşdiyi problemlərin operativ şəkildə həll olunduğunu qeyd edib:
"İğdır Ticarət və Sənaye Palatasının üzvləri ilə Naxçıvandakı iş adamlarının görüşləri keçirilir. Mövcud problemlərin tez bir zamanda həlli üçün alt komissiya yaradılması qərara alınıb. Bu cür addımlar iki tərəf arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".
Sonda Kamil Arslan İğdır Ticarət və Sənaye Palatası olaraq Naxçıvana bir neçə dəfə nümayəndə heyəti göndərdiklərini və gələcəkdə də iqtisadi əlaqələri gücləndirmək üçün bu səfərlərin davam edəcəyini bildirib.