Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edilib

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edilib - FOTO

31 Dekabr 2025

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində yolka ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyi uşaqlara böyük sevinc hissi yaşadıb. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.