Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

31 Dekabr 2025

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" müraciəti təqdim edir:

"Əziz həmvətənlər.

2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.

Bu il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, "Kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.

Bu gün isə bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur. Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Biz bu il D-8 beynəlxalq təşkilatına üzv olduq. Onu da bildirməliyəm ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilatın ilk yeni üzvü məhz Azərbaycan olmuşdur. Yəni bu ölkələr tərəfindən bizə göstərilən hörmət və etimad göz qabağındadır. Biz bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir.

Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.

İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.

Biz "Böyük Qayıdış" Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.

Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!".