Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Qanuna dəyişikliklər edilib

Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Qanuna dəyişikliklər edilib

30 Dekabr 2025

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəyişikliklərə əsasən, Vəkillər Kollegiyasının qeyri-kommersiya təşkilatı olduğu qanunda birbaşa təsbit edilib. Kollegiyanın orqanları dəqiqləşdirilərək üzvlərin ümumi yığıncağı, Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası kimi müəyyən olunub.

Yeni redaksiyaya görə, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri genişləndirilib. Belə ki, Kollegiyanın Nizamnaməsinin, İntizam və İxtisas Komissiyalarının əsasnamələrinin təsdiqi, Rəyasət Heyətinin və komissiya üzvlərinin seçilməsi, eləcə də büdcənin və üzvlük haqlarının müəyyən edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilib. Ümumi yığıncaq üç ildə azı bir dəfə çağırılacaq.

Qanuna edilən dəyişikliklər Rəyasət Heyətinin səlahiyyətlərini də əhatə edir. Rəyasət Heyəti vəkillərin Kollegiyaya qəbulu, intizam icraatının başlanması, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarının təsdiqi, ixtisas imtahanlarının keçirilməsi, vəkillərin fəaliyyətinin monitorinqi və maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı qərarlar qəbul edəcək.

Vəkillərin İxtisas Komissiyasının tərkibi və səlahiyyət müddəti də yenilənib. Komissiya beş vəkil, bir hakim və bir hüquqşünas alimdən ibarət olmaqla beş il müddətinə fəaliyyət göstərəcək. Eyni zamanda, Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti də beş il olaraq müəyyən edilib.

Qanunda intizam məsuliyyəti ilə bağlı müddəalar da sərtləşdirilib. Vəkillərin etik davranış qaydalarının, normativ hüquqi aktların tələblərinin pozulması və icbari tədris saatlarının toplanmaması intizam məsuliyyətinə səbəb olacaq. İntizam tənbehləri sırasında xəbərdarlıq, töhmət, cərimə, vəkillik fəaliyyətinin müvəqqəti dayandırılması və Kollegiya üzvlüyündən xaric edilmə nəzərdə tutulur. Rəyasət Heyətinin intizam qərarlarından məhkəməyə şikayət vermək hüququ da təsbit edilib.

Bundan başqa, vəkilin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi vəkillik fəaliyyətinə xitam üçün yeni əsas kimi qanuna əlavə olunub.

Qəbul edilən dəyişikliklər vəkillik institutunun fəaliyyətinin şəffaflığının artırılmasına, peşə standartlarının yüksəldilməsinə və hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.