Naxçıvanda narkotik vasitələr məhv edilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 5 avqust 2024-cü il tarixli Fərmanına uyğun olaraq Naxçıvan şəhəri ərazisində müvafiq tədbir həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir “Naxçıvan şəhəri ərazisində az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya” tərəfindən 26 dekabr 2025-ci il tarixdə cinayət işləri və inzibati xətalara dair işlər üzrə maddi sübut qismində götürülmüş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.
Məhvetmə prosesi komissiya üzvlərinin iştirakı ilə həyata keçirilib. Maddi sübutlar əvvəlcədən siyahı üzrə bir-bir yoxlanılıb, elektron tərəzidə çəkilib və proses videoçəkilişlə qeydə alınıb. Daha sonra həmin vasitələr Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən qazanxanada yandırılaraq tam məhv edilib.
Qeyd edək ki, bu tədbir narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və mövcud qanunvericiliyin tələblərinin icrası məqsədi daşıyır.








