Komitənin kollektivi şəhid ailəsini ziyarət edib -

Komitənin kollektivi şəhid ailəsini ziyarət edib - FOTO

14 Mart 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid Elməddin Həsənovun ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.

Şəhid Elməddin Həsənovun ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.

Xatırladaq ki, Həsənov Elməddin Elşən oğlu 1996-ci il fevral ayının 25-de Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

2013-2014-cü illərdə Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ilin iyun ayının 25-dən həmin hərbi hissədə kəşfiyyatçı snaper vəzifəsində xidmətini davam etdirib. 2015-ci il 1 oktyabrda xidmətini uğurla başa vurub. Xidmətdə olduğu müddətdə isə Elməddin anasını itirir. 2018-ci ildə könüllü olaraq yenidən ərizə yazaraq ordu sıralarına daxil olur. Elə həmin ildən Xüsusi təyinatlı qüvvələrə snayper kimi daxil olur. Vətən müharibəsinin ilk günlərindən Naxçıvandan yollanan ilk xüsusi təyinatlı qüvvələrin dəstəsində Elməddin də olub. Füzulidən başlayaraq ön cəbhədə - döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi fərqlənib. Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Son sözü "Qarabağ Azərbaycandır" olan şəhidimiz 23 oktyabrda Qubadlı şəhəri Qırmızıbazar adlanan bölgədə şəhidlik zirvəsinə ucalıb. 26 oktyabrda doğulduğu Şahtaxtı kəndində son mənzilinə yola salınıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elməddin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elməddin Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elməddin Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Daha sonra Komitənin kollektivi Kəngərli rayon Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində şəhidlərin məzarlarını ziyarət ediblər.