Naxçıvanda gənclərin şəhid ailələri ilə görüşləri davam etdirilir  -

Naxçıvanda gənclərin şəhid ailələri ilə görüşləri davam etdirilir - FOTO

16 Aprel 2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. İştirakçılar şəhidlərimiz Orucəliyev Qabil Əbdüləli oğlu, Zeynalov Elnur Elsevər oğlu, Rəcəbov Vaqif Yaqub oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüş zamanı təşkilatçı qurumların əməkdaşları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən bəhs ediblər. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. Şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlıqlıq ifadə olunub.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.