Şəhidin ad günü məzarı yanında qeyd olunub -

Şəhidin ad günü məzarı yanında qeyd olunub - FOTO

18 Fevral 2025

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Naxçıvan şəhər Tumbul kənd sakini  Şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü məzarı başında qeyd edilib.

Naxçıvan şəhər sakinləri ilə yanaşı muxtar respublikanın bütün rayonlarından olan şəhidlərin ailələri, qazilər, müharibə veteranları, hərbçilərin də iştirak etdiyi tədbirdə Naxçıvan şəhər İcra hakimiyyətinin vəzifəli şəxsləri, Naxçıvan MR Ali Məclisin Deputatları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Naxçıvan şəhər idarəsinin rəhbərliyi və digər güc strukturlarının əməkdaşları şəhidin ailəsinə baş sağlığı verərək qəhrəmanın məzarı üstünə tər çiçəklər düzüblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman el oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni oxunub.

Mərasimində çıxış edənlər bildirib ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

O da qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı İbrahim kimi vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuz olduğu vurğulanıb.

İbrahim Etibar oğlu İbrahimov 18 fevral 1992-ci ildə Naxçıvan şəhərində doğulub. İlk təhsilinə 1998-ci ildə Naxçıvan şəhəri 15 saylı tam orta məktəbdə başlayan İbrahim 2009-cu ildə orta məktəbi bitirib, həqiqi hərbi xidmətə yollanıb.

2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim Etibar oğlu 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. 18 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXE HQ - əsgəri, XTQ-nin kəşfiyyatçısı kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib. 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci ildə Naxçıvan şəhər məzarlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı, Xocavənd və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.

Ruhları şad olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi