Şəhidimizin ad günü qeyd edildi -

Şəhidimizin ad günü qeyd edildi - FOTO

12 Mart 2025

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətənpərvər övladlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvanda tez-tez silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də Naxçıvan Texniki Kollecində baş tutan "Vətənə xidmətə görə" ordenli şəhid kapitan Balabəyli Elcan Vasif oğluna həsr edilmiş olunmuşdu.

Qəhrəmanımızın ad günü münasibətilə keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında ikinci Qarabağ müharibəsində və sonrakı tarixlərdə, eləcə də antiterror əməliyyatlarında qəhrəmanlıq nümunəsi göstərmiş el oğullarından olan kapitan Balabəyli Elcanın xatirəsinə həsr edilmiş tədbirin mahiyyətindən iştirakçılara məlumat verdi. Qəhrəmanın valideynlərinə dərin hörmət və ehtiramını bildirdi.

Sonra şəhidimizin keçdiyi döyüş yoluna həsr olunmuş, Naxçıvan Televiziyasını hazırladığı "Ölümsüzlər" sənədli televiziya filimi təqdim olundu. Filmin ərsəyə gəlməsində əməyi olan televiziyanın əməkdaşı Məsumə Şirəliyev çıxış edərək şəhid valideyinlərinə baş sağlığı verib bildirdi ki, bundan sonra da tarix yazan qəhrəmanlarımızın tanıdılması üçün belə filmlərin hazırlanması davam edəcək.

Tədbirdə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri İsmayıl Gülməmmədov, şəhid Amin Gülməmmədovun atası, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid Zülfü Rzayevin anası Məhbarə Rzayeva, şəhidin hərbi Liseydə komandiri olmuş polkovnik leytenant Naib Cəfərov və döyüş yoldaşı qazi Təvəkkül Qəhrəmanlı qəhrəmanımızla bağlı xatilərini bölüşərək Vətənə belə igid, mərd, vətənpərvər övlad yetişdirən şəhid atası Vasif bəyə və Səkinə xanıma minnətdarlıqlarını bildirdilər.

Sonra Naxçıvan Texniki Kollecinin tələbələrinin hazırladığı şeir və mahnılardan ibarət bədii hissə təqdim olundu, Elcan Balabəylinin orta təhsil aldığı 15 nömrəli tam orta məktəb şagirdləri şəhidimizə həsr edilmiş şeirləri bədii qiraət etdilər.

Sonda şəhidin atası Vasif bəy və qardaşı Elçin müəllim çıxış edərək tədbirin, televiziya filiminin hazırlanmasında əməyi keçən şəxslərə və tədbir iştirakçılarına bu əlamətdar gündə yanlarında olduqlarına görə təşəkkürlərini bildirdilər.

Sonda şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar edildi. İftar saatında ehsan süfrəsi açıldı.

Şəhid Kapitan Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Evin ilk övladı olan Elcan 1998-ci ildə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.

Elcan 2007-ci ildə orta məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirib. Elcan 2007-2010-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığı illərdə də əlaçı idi. 2010-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olanda Azərbaycan Respublikası üzrə ən yüksək bal toplayan ikinci, Naxçıvanda isə ən yüksək bal toplayan birinci kursant olub.

2014-cü ildə həmin ali hərbi məktəbi hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leytenant hərbi rütbəsi alan Elcan 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə isə kapitan hərbi rütbəsi alıb. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilib.

Elcan 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi Yubiley" medalı ilə təltif edilib

2021-ci ildə isə "Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsinə qatılmış, 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmənə hücum zamanı düşmən artilleriyasının atəşi nəticəsində qəlpə yarası almışdır. Müalicəsi tamamlanmamış həkimlərin təkidinə baxmayaraq öz istəyi ilə yenidən döyüşlərə geri qayıtmış, Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə, 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə isə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib. Bundan başqa Elcan 2016-cı ilin aprel döyüşlərində, 2022-ci ilin qisas əməliyyatında fəal döyüşçü kimi iştirak edib.

Qəhrəmanımızın son döyüşü 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatları zamanı olur. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir Elcan.

Qəhrəman şəhidimiz 20 sentyabr 2023-cü il tarixində doğulduğu Naxçıvan şəhərində böyük bir izdihamla uğrunda canını fəda etdiyi torpağa tapşırıldı.

Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli sərəncamları ilə Kapitan Balabəyli Elcan Vasif oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib.

2021- çi ildə ailə həyatı qurmuş qəhrəmanımızdan ailəsinə yadigar bir övlad qalmadı lakin onun vətəni və xalqı qarşısında etdiyi xidmətləri, göstərdiyi şücaəti və sonsuz məhəbbəti qaldı.

Ruhun şad, mövludun mübarək qəhrəman

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi