
Dini Komitənin sədri: Azərbaycan və Türkiyə arasında əlaqələr uğurla inkişaf edir
Azərbaycan və Türkiyə arasında ortaq etnik-mədəni köklərə söykənən dostluq və qardaşlıq əlaqələri iki ölkənin prezidentlərinin müdrik siyasəti nəticəsində uğurla inkişaf edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində Qars valisi Ziya Polat və Qars bələdiyyəsinin başqanı Ötüken Sengerlə görüşdə bildirib.
Vurğulanıb ki, bu siyasət hər iki ölkənin xalqları arasında güclü bir qardaşlıq və əməkdaşlıq ruhu yaradır.
Görüşdə həmçinin "Bir millət, iki dövlət" prinsipinin iki ölkənin gündəmində əsas yer tutduğu və əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyi vurğulanıb. Qeyd olunub ki, İslam sülhsevər və tolerant dəyərlərinin təbliği dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.