Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib -

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib - FOTO

12 Mart 2025

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib və kollektivə təqdim olunub

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

12 mart 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin iştirakı ilə Məmmədov İmran Qərib oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub.
Təqdimatda çıxış edən Samir Seyidəhmədli və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev İmran Məmmədovu təyinat münasibəti ilə təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan sosial iqtisadi inkişaf ilə bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıblar.

Qeyd edək ki, Məmmədov İmran Qərib oğlu yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb. ‎