
Bu gün Azərbaycanın Milli Qəhrəmanı - şəhid Yusif Mirzəyevin anım günüdür!
Bu münasibətlə Naxçıvan Şəhər Şəhidlər Xiyabanında anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açdıqdan sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Şəhidlərin ruhuna dualar oxundu.
Naxçıvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Naxçıvan Şəhid Ailələri İctimai birliyinin, Naxçıvan Qaziləri və Veteranları İctimai Birliyinin, Naxçıvan MR Ali Məclisin Deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Naxçıvan şəhər idarəsinin rəhbərliyi və digər güc strukturlarının əməkdaşları, muxtar respublikanın bütün rayonlarından olan şəhidlərin ailələri, qazilər, müharibə veteranları, hərbçilər və ictimayət nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəmanın məzarı üstünə tər çiçəklər düzüldü, əkil qoyuldu.
Sonra şəhid atalarından Naxçıvan Şəhid Ailələri İctimai birliyinin sədri Mayis Gülməmmədov, şəhid analarından Sahilə Məmmədova, Fatma Hacıyeva və digər qonaqlar çıxış edərək şəhidin ailəsinə baş sağlığı verdi.
Tədbirdə çıxış edən Yusif Mirzəyevin döyüş yoldaşı, birinci Qarabağ uğrunda müharibədə raket artilleriya xidmətinin rəisi olmuş Bağırov Vaqif qəhrəmanla keçdiyi döyüş yolundan, Yusifin göstərdiyi şücaətdən danışdı.
Məktəblilər qəhrəmanımıza həsr edilmiş "İgid əsgər möhkəm dayan" mahnısını və vətənpərvərlik mövzusunda yazılmış şeirlər səsləndirdilər.
Sonda qəhrəmanın bacısı Naibə Mirzəyeva çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi.
Yusif Mirzəyev 1958-ci ilin 23 may tarixində Babək rayonunun Böyükdüz kəndində anadan olub. O, 1990-cı ildə 20 Yanvar faciəsi baş verdiyi vaxt xalq etirazlarına qoşulduğu üçün Bakı şəhər komendantı tərəfindən həbs edilib. Daha sonra düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə gedib və Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib. O, cəmi 14 nəfərlik dəstəsi ilə bir çox əməliyyata qatılıb, Ağdərənin 17 kəndinin işğaldan azad edilməsində yaxından iştirak edib. Döyüşlərin birində mühasirəyə düşən dəstəni itki vermədən xilas edib.
Bir müddət düşmənə qarşı döyüşlərdə iştirak etsə də həbsdə böyrəyindən aldığı zədələr ona müharibəyə davam etməyə mane olur və xəstəxanaya yerləşdirilir. Bu yerdə isə onun həyatında ömür boyu silinməyəcək bir xatirə yaşanır.
Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı, tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alır. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyir ki, “mən vətənpərvərlik mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbət olur və Yusif Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirir və Şəmistana bu mahnını oxumasını xahiş edir. Şəmistan Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verir. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirir.
Səhhətinin ağır olduğu deyilsə də o, "bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir” deyərək yenidən cəbhəyə qayıdır.
Müharibənin qızğın davam etdiyi müddətdə onlara həmin istiqamətdə döyüşün təhlükəli olması səbəbilə Ağdərədən çıxmaq əmr edilir. Ancaq Yusifin cavabı belə olur: “Bu, tək mənim fikrim deyil. Burada olan uşaqların hamısı eyni fikirdədir, axır nəfəsimizə kimi vuruşacağıq”. Cəmi 14 nəfərlə həmin istiqamətdə düşmənin çox sayda əsgərinə qarşı müqavimət göstərir. Hətta erməni tərəfi həmin yerdə böyük bir taborun olduğunu düşünür. Yusif Mirzəyevin ən məşhur sözlərindən biri də ona hərbi qüvvələrin az olduğu, döyüşün təhlükəli olduğu və sair deyilərkən işlətdiyi bu ifadələrdir: “Bu qoşunla biz əks-hücuma keçəcəyik, qırılan qırılacaq, qalan da, girov düşən də özünü güllələyəcək, o qədər”...
Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində Azərbaycan əsgərlərini mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Yusif Mirzəyev kimi qəhrəmanlarımız onlardan sonrakı nəsillərə əsil vətənpərvərlik nümunəsi oldu. 30 ildən sonra torpaqlarımızı düşmən işğalından azad edən igidlərimiz məhz onların yollarının layiqli davamçıları oldular.
Dərin ehtiramla yad edirik!
Ruhu şad olsun!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai birliyinin mətbuat katibi