MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirilib

MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirilib

03 İyun 2026

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib. Qeydiyyat mərhələsində namizədlərdən ödəniş tələb olunmur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir.

Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.

Qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edə bilərlər.

Bildirilib ki, namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq.

Məlumata görə, ödəniş elektron qaydada həyata keçiriləcək. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.