Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yola düşüb
Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyənin Van şəhərinə yola düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfərin məqsədi sentyabrın 22–28-də keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında iştirak etməkdir.
Festival çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrı “Killerlərdən Teleqram” və “Səssiz fəryad” monotamaşalarını təqdim edəcək.
Bu, Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq monotamaşalar festivalında ilk iştirakıdır. Kollektivin təqdim edəcəyi tamaşalar vasitəsilə Naxçıvan teatrının yaradıcılıq üslubu, aktyor ifası və səhnə imkanlarının festival iştirakçılarına nümayiş etdirilməsi nəzərdə tutulur.
Festival müxtəlif ölkələrdən teatr kollektivlərini və sənət nümayəndələrini bir araya gətirir. Bir həftə davam edəcək festival çərçivəsində müxtəlif teatr məktəblərinin və yaradıcılıq nümunələrinin təqdimatı keçiriləcək.
Naxçıvan Dövlət Kukla Teatrının festivalda iştirakı kollektiv üçün beynəlxalq təcrübə qazanmaq və yaradıcılıq əlaqələrini genişləndirmək baxımından əhəmiyyətlidir.








