Aktyor Əli Əliyev: Səhnəmizin səssiz nəhəngi - 70
Naxçıvan teatrı Azərbaycan teatr sənətinə çoxlu sayda parlaq simalar, xarakterik aktyorlar bəxş edib. Bu sənətkarlar arasında Naxçıvan Dövlət Milli Dram Teatrının unudulmaz aktyorlarından biri, əməkdar artist Əli Şəmsəddin oğlu Əliyev xüsusi yer tutur. Yaratdığı dolğun obrazlar, teatr səhnəsindəki səmimi oyunu və sənətə həsr olunmuş ömrü ilə o, tamaşaçıların və sənətşünasların qəlbində dərin iz qoymuşdur.
1956-cı ildə Culfa rayonun Xanağa (indiki Xanəgah) kəndində anadan olan Əli Əliyev gənclik illərindən teatr sənətinə böyük həvəs göstərmişdir. O, M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almış və 1983-cü ildə buranı uğurla bitirmişdir. Təyinatla Naxçıvan Dövlət Milli Dram Teatrına göndərilən gənc aktyor qısa müddətdə teatr truppasının aparıcı üzvlərindən birinə çevrilmişdir.
Səhnədə canlandırdığı hər bir obrazı fərdi dəst-xətti ilə zənginləşdirən Əli Əliyev həm klassik, həm də müasir dramaturgiya nümunələrində yaddaqalan pyeslərdə çıxış etmişdir. O, Sofoklun "Elektra" faciəsində Egist, Turan Oflazoğlunun "Dəli İbrahim" əsərində Dəli İbrahim, Elçinin "Osvensim" dramında İblis, C. Məmmədquluzadənin “Anamın kitabı”nda Rüstəm,H. Arzulunun “Əlincə qalası”nda Topal Teymur, S. Vurğunun “Fərhad və Şirin”ində Xosrov, H. Eyvazlının “Araz sahilində doğan günəş”ində, N.Nərimanovun “Nadanlıq” pyesində iki müxtəlif xarakterli Nəriman Nərimanov, Mir Cəlalın "Dirilən adam" əsəri əsasında hazırlanan tamaşada Məşədi İslam, "Astana"da Andrey Buslay, İftixarın “Quruluş dastanı”nda Mixail Qorbaçov, T. Cücənoğlunu “Rəngsaz” komediyasında Xalid, H. Cavidin “Topal Teymur”unda İldırım Bəyazit və onlarla bir-birindən fərqlənən xarakterli, yadda qalan rolları ustalıqla oynayıb. Bu rollar arasında zahiri oxşarlığı ilə diqqəti çəkən Mirzə Cəlil, Nəriman Nərimanov, Mixail Qorbaçov kimi real insanların prototipləri yəqin ki uzun zaman tamaşaçıların yadından çıxmayacaq.
Əli Əliyevin teatr sənətinə verdiyi mühüm töhfələr, səhnədəki peşəkarlığı və fədakarlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, hələ gənc yaşlarında -1987-ci ildə Naxçıvan MR-in, 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına, 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdür.
Uzun illər həm də Naxçıvan Teatrında baş inzibatçı vəzifəsində çalışan Əli Əliyev teatrın tamaşalarının teatrın səhnəsində və rayonların mədəniyyət mərkəzlərində tamaşaçılar qarşısında oynanılması üçün öz bacarığını ustalıqla sərgiləyirdi. O, həm də bu işlə teatrın bir sənət məbədi, mədəni dəyələrin, milli yaradıcılığın qorunduğu, yaşadıldığı yer olduğunu vətəndaşlar arasında təbliğ edirdi. İnsani keyfiyyətləri ilə seçilən Əli müəllim həm də hər kəs üçün xeyriyyəçi bir insan kimi tanınırdı. Özünün hamıdan çox ehtiyacı olduğu halda belə bacardığı qədər ondan kömək istəyən hər kəsə dəstək olurdu.
Təəssüf ki, görkəmli sənətkar 2026-cı ilin aprelində, 70 yaşının tamamına 4 ay qalmış dünyasını dəyişərək teatr ictimaiyyətini kədərə qərq etdi. Lakin onun səhnə fəaliyyəti, yaratdığı parlaq obrazlar və Azərbaycan teatrının inkişafındakı xidmətləri heç vaxt unudulmur. Əli Əliyev milli teatr tariximizdə özünəməxsus yeri olan unudulmaz sənətkarlarımızdan biri kimi daim ehtiramla xatırlanacaqdır.
Səməd CANBAXŞİYEV
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti















