Açılmamış səhifələr

Açılmamış səhifələr - Müzəffər Nəsirli yaradıcılığından

14 Sentyabr 2026

Hörmətli izləyicilər, sentyabr ayının 14-də Azərbaycanın tanınmış şair-dramaturqu, həmyerlimiz Müzəffər Nəsirlinin (1911-1980) 115 illiyi tamam olur. Azərbaycan ədəbiyyatına bir sıra töhfələr verən şairin qohumu Səməd Canbaxşiyev onun arxivindən bir materialı bizə göndərib. Bu yazıda Müzəffər Nəsirli 19-cu əsrin ortalarında Naxçıvanda yaşayan şair Qonçabəyimin yaradıcılığını tədqiq edib və onunla bağlı maraqlı bir yazı hazırlayıb. 

Xatırladaq ki, Müzəffər Nəsirli “Qonçabəyim nəğməsi” adlı pyes yazıb və əsər 2010-cu ildə Naxçıvan Dövlət Milli Dram Teatrında səhnəyə qoyulub. Qonçabəyimin irsini tədqiq edən alimlərimiz və ictimaiyyət nümayəndələri üçün həmin məqaləni təqdim edirik.


Müzəffər Nəsirli

Açılmamış səhifələr

QONÇABƏYİM

(Ədəbi irsimizdən)

Naxçıvan şəhəri Azərbaycan torpağının, qədim mədəniyyət mərkəzi olub, böyük tarixçilər, şairlər, alimlər, memarların vətənidir. Lakin feodal-patriarxal həyat tərzi uzun müddət Naxçıvanda elm və mədəniyyətin inkişafına bir çəpər olmuşdur.

Tipik Şərq şəhəri olan Naxçıvanda maarif və mədəniyyətin əsil inkişafı XIX əsrin ortalarından başlanmış, şəhərdə ilk məktəb də 1837-ci ildə general-mayor Ehsan xan Naxçıvanskinin təşəbbüsü ilə təşkil edilmişdir.

Bu zamandan başlayaraq Naxçıvanda ziyalılar zümrəsi yetişməyə başlamış, Ordubadda "Əncüməni-şüəra", Naxçıvanda "Məclisi-ülfət" kimi ədəbi məclislər yaranmışdır.

Həmin məclislərdə Salik, Qüdsi, Nəqqaş, Qonçabəyim kimi şairlər yetişmişdir.

XIX əsrin ortalarında öz rübabi şeirləri ilə məşhur olan, qəzəl və qoşmaları xanəndələr vasitəsilə Təbriz, Naxçıvan, Tiflis, İrəvan, Nuxa, Şuşada oxunan Qonçabəyim olmuşdu.

Qonçabəyim təxminən 1825-ci ildə Naxçıvan şəhərində "Qala məhəlləsi"ndə Mömünə Xatun məqbərəsi yanında, xan ailəsində anadan olmuşdur. Qonçabəyimin atası Qacar tərəfindən Əsgəran qalasında rus dövlətinə meyl etməkdə təqsirləndirilib gözlərinə mil çəkilən Kəlbəli xan Naxçıvanskinin oğlu Ehsan xandır ki, rus ordusunun etdiyi xidmətin müqabilində ona general-mayor adı verilmişdir. Ehsan xan mütərəqqi adam olub Naxçıvanda hərbi xidmətdə olan rus zabitləri vasitəsilə qabaqcıl fikirli adamlarla tanış olmuş, şair A.Qriboyedov İrana gedərkən onun evində qonaq qalmışdır.

1837-ci ildə Naxçıvan şəhərində təşkil edilmiş rus məktəbində qızı Bəyim xanım da oxumuşdu, rus dilini öyrənmiş, kübar cəmiyyətdə çadrasız dolanmışdır, lakin Şərq adətlərinə möhkəm əməl edən Ehsan xan qızını fars dilini də öyrənməyə həvəsləndirmiş, buna görə də Bəyim xanım Şərq poeziyasının incəliklərini duymuş və özü də şeirlər yazmağa başlamışdır.

Naxçıvanlılar Bəyim xanımın şeirləri ilə çoxdan tanış idilər. Lakin Bəyim xanımın acınacaqlı taleyi vardı. O, gənc zabit İbrahim bəyi sevdiyinə baxmayaraq, atası onu 18 yaşında ikən 1844-cü ildə sevmədiyi adama Şamil xana ərə vermişdir, bu da gənc şairə qızın həyatında bir faciə idi.

O, nəğmələrinin birində ərinin qoca olduğunu belə ifadə etmişdir:

Yeddi tuman yeddisi də zəncirə,

Qorxum budur dal qapıdan xan girə,

Qoca, kaftar bihəyanın əlindən,

Bəyim yazıq yenə düşə min girə.

Tarixi mənbələr göstərdiyi kimi 1844/54-cü illərdə Naxçıvanda mahal rəisi knyaz Melikovun müavini böyük gürcü şairi Nikoloz Barataşvili Ehsan xanın sarayına tez-tez getdiyindən, həmin sarayın yaxınlığında yaşadığından burada gənc şairə Qonçabəyimə rast gəlmiş, 18 yaşlı azərbaycanlı qızının gözəlliyi, mehribanlığı, məsumluğu onu valeh etmiş, hətta Qonçabəyimə "Qonçabəyimin nəğməsi" adlı bir şeir də ithaf etmiş, Miko Orbelianiyə belə yazmışdır:

"İndi Naxçıvanda Qonçabəyim adında 18 yaşlı bir qız tərəfindən qoşulmuş mahnı var. O, xanın /Ehsan xanın/ qızıdır. Çox gözəl və mehribandır, yazıq öz ərindən çox kiçikdir, ayrılmaq istəyir, binəvanı 12 yaşında ikən ərə veriblər. Əgər onların həyatını bilsəydiniz! Tam gözəl bir romandır. Həmin mahnıda öz halına acıyır, mahnının bir yerində söyləyir."

Ey mənim laləzar çiçəkli bağçam

Gülüstani-göynündə fəvvarə vuran

Sularla həmsöhbət olmaq istərəm

Qorxuram ki, ərim çıxa oyandan.

/ "Kommunist" qəzeti 21.X-1945 №-211 /1753/ "Barataşvili və Qonçabəyim" /

Həqiqətən Qonçabəyim xanımın faciəli həyatı N.Barataşvilini çox kədərləndirmiş, Azərbaycan dilini öz atasından öyrənmiş Barataşvili Qonçabəyimin şeirlərini gürcü əlifbası ilə yazıb Tiflisdəki dostlarına göndərmiş ki, dostları həmin şeirləri gürcü dilinə tərcümə etsinlər, bundan başqa Azərbaycan dilində yazdırıb Tiflisdə yaşayan dostu məşhur xanəndə Səttara göndərmiş ki, məclislərdə oxusun.

Bu haqda Barataşvilinin tədqiqatçısı professor İ.Yenikolopov belə yazır:

"Naxçıvanlılar Qonçabəyimin şeirlərini yaxşı bilir, onları gözəl melodiyalarla oxuyurdular. Barataşvili də həmin mahnılarla maraqlanıb gürcü dilinə tərcümə edilmək və Tiflisdə yaşayan məşhur xanəndə Səttar tərəfindən ifa etmək üçün yazırdı, özü də qara gözlü gözəl şairəyə valeh olub, öz şeirləri ilə onun gözəlliyini tərənnüm etmişdir. Elə bu zaman Şəki xanının oğlu Süleyman xan və məşhur Şəkili xanəndə Cəfər Naxçıvana gəlmiş, Barataşvili Qonçabəyimin şeirlərini xanəndə Cəfərə verib oxutmuş və bundan çox xoşhal olmuşdur." / Prof. İ.Yenikolopov - Naxçıvan görüşləri "Bakraboci" 20-X-1945 №-210 /7657/ - /

Qonçabəyimin mahnıları indiyədək dillərdə əzbərdir. Naxçıvan qadınları onun:

Könül verib sən tək cavan sevmişəm

Halım yanıb dərdə, canan sevmişəm

mahnısını indi də toylarda, xına gecələrində hava ilə oxuyurlar, lakin onun şeirlərin 1944–45-ci illərdə Təbrizdən Naxçıvana köçüb gəlmiş xanəndə Səttar ifa etmiş, bunlar bir neçə valda yazılmışdır. Qonçabəyim zorla ərə verilib iztirablı həyat keçirdiyindən çox ömür sürməmişdir.

Heç şübhəsiz Qonçabəyim öz dövrünün istedadlı şairəsi olmuşdur, onun poeziyası Şərq sevgi rübabının ələminin tərənnüm etdirsə də, real həyatdan doğan poeziyadır. Hüquqsuz Azərbaycan qızının qəlbindən gələn fəryadın ifadəsidir.

Çox təəssüf ki, hələ 1844–45-ci illərdə bütün Zaqafqaziyada şeirləri Səttar və Cəfər kimi xanəndələrin dilində gəzdiyi halda Qonçabəyimin ədəbi irsi indiyədək tədqiq edilib Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edilməmişdir.

Yalnız 1945-ci ildə Nikoloz Barataşvilinin ölümünün 100 illiyi münasibətilə "Kommunist" qəzetində "Barataşvili və Qonçabəyim" adlı məqalədə və prof. İ.Yenikolopovun "Bakinski raboçi" qəzetində dərc etdirdiyi "Naxçıvan görüşləri" məqaləsində Qonçabəyim haqqında bəhs edilmiş, sonra istedadlı gənc alim Dilarə Əliyeva "Gürcü və Azərbaycan ədəbi əlaqələri" adlı kitabında bu məsələyə toxunmuşdur.

Lakin bunu da qeyd etmək lazımdır ki, Qonçabəyimin qoşmaları və qəzəlləri xanəndələr tərəfindən geniş yayıldığı üçün həmin şeirlər şifahi ədəbiyyata keçmişdi. Məhz buna görə də 1928-ci ildə S.Mümtaz tərəfindən nəşr edilmiş "El şairləri" kitabında Bəyim xanım imzası ilə gedən şeirlər heç şübhəsiz Qonçabəyim xanımdır, məsələn bu şeirə diqqət edək:

Ay ağalar, məni neçün qınarsız,

Biləsə dərdimə bu dərman eylər.

Eşqə düşənləri axırda bu dərd

Əridər, incəldər, nətaban eylər.


Görüm aralıqda yox olsun yaman,

Üzüm payandadır, başım tərçəman,

Səndən qeyri mənim dərdimə dərman

Nə Əflatun eylər, nə Loğman eylər.


Göz yaşımdan ərizə yazdım sərdara,

Bəlkə bizi qəm-qayğıdan qurtara,

Sinə açıq, zülf pərişan yüz yara,

Məni görən sənə ahıman eylər!

Şəri qoyub xeyrə qədəm basallar,

Həqqəlnas sözlərə qulaq asallar,

Təsəddüq veribən qurban kəsəllər,

Bəyim İbrahimə can qurban eylər.

Göründüyü üzrə şeirdə işlənən bir çox sözlər — qınamaq, ahıman etmək, asallar, basallar kimi ifadələr Cənubi Azərbaycan, Naxçıvan şivəsində çox işlənən sözlərdir ki, bu da isbat edir ki, "El şairləri" kitabın 1-2-ci hissələrində Bəyim xanım imzası ilə çap edilmiş şeirlər şübhəsiz ki, Qonçabəyimindir.

Yuxarıda göstərilmiş bütün tarixi dəlillər isbat edir ki, Qonçabəyim də şairə X.Natavan kimi məşhur şairə olmuşdur və qismən onun qohumlarındandır.

Bizcə Qonçabəyimin ədəbi taleji ilə məşğul olmaq vaxtı çatmışdır, qoy ədəbiyyat tədqiqatçılarımız bu şərəfli işə iqdam etsinlər.

Aşağıda isə Qonçabəyimin bir şeirini təqdim edirik:


GƏLSİN

Hicran sənətdarı, qəm xiridarı

Qəddar olan biilqara də, gəlsin.

Yenə təzələnsin didar-didarı

Ciyər oldu həzər parə, de gəlsin.


Ərzi-halım yazdırmışam ərzədə

Qara bağrım yar zədədir, yar zədə.

Bir müddət də qaldıq İmam Rzada

Eylədi dərdimə çarə de, gəlsin.


Aşiq olan məşuqəyə mirasdır,

Eşqin oduna nahaq yanmaq əbəsdir.

Bizim məskənimiz Turi-Təbəsdir

Qərib düşdüm bu diyara, de gəlsin.


Aşiq bilər məşuqənin halını,

Qismət olsa ələ alaq əlini

Gözləməkdən bimürvətin yolunu

Gözümdə qalmadı qarə de, gəlsin.


Bizə sək rəqiblər deyirlər ası

Mövlaya bağladıq yəqin ixlası,

Mən Bəyiməm, İbrahimin butası.

Gizlin deyil, var aşkara de, gəlsin.