Nazir: Məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil

Nazir: Məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil

14 Sentyabr 2026

Azərbaycanda məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ aktual deyil:

"Gündəmdə məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Yaxın zamanlarda belə bir şey nəzərdə tutulmur".

Nazir həmçinin bildirib ki, bəzi ixtisaslarda bakalavriat müddətinin üç il olması mümkündür:

"Əgər mütəxəssislər də bu barədə müsbət rəy verərsə, tətbiq oluna bilər. Məsələn, turizimin təşkili ixtisasını bəlkə də üç il oxumaq olar. Amma hüquq kimi ixtisası da düşünmək lazımdır. Fikrimcə, mühəndis hazırlamaq kifayət qədər çətindir. Burada məzunun yaşı da nəzərə alınmalıdır. İxtisasın formalaşması hansısa məmurun rəyi əsasında deyil, əmək bazarında mütəxəssisin rəyi ilə əsaslandırılmalıdır. Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndi də bəzi ixtisaslar 5, bəzisi isə 4 ildir. Bunun ən yaxşı nümunəsi peşə təhsilidir. Biz qoşulduğumuz beynəlxalq sənədləri də nəzərə almalıyıq. Ümumilikdə, bütün ixtisasları üç ill etmək müzakirə predmeti deyil".