Bakı çempionatı, yoxsa kağız üzərindəki Azərbaycan Premyer Liqası?

Bakı çempionatı, yoxsa kağız üzərindəki Azərbaycan Premyer Liqası?

14 Sentyabr 2026

Azərbaycan futbolu uzun illərdir ki, dərin və sistemli bir böhranın içində çabalayır. Bu böhranın ən bariz, ən acınacaqlı göstəricisi isə turnirin coğrafi xəritəsidir. Bu gün ölkənin ali futbol divizionunda bölgələri təmsil etdiyi iddia olunan komandaların böyük əksəriyyəti, demək olar ki, 80 faizi paytaxt Bakıda məskunlaşıb. Regionun adını daşıyan, lakin havasını Bakıda udan, məşqini Bakıda keçən komandalarla dolu bir çempionatımız var. Bu mənzərə fonunda haqlı və ağrılı bir sual ortaya çıxır: Biz doğrudanmı Azərbaycan çempionatına baxırıq, yoxsa region komandalarının "qonaq" qismində qatıldığı genişləndirilmiş Bakı birinciliyinə?

Futbol sadəcə 22 nəfərin yaşıl meydanda top qovması deyil. Futbol regional inkişaf, yerli azarkeş ordusu, doğma şəhərin şərəfini qorumaq və gəncliyin idmana inteqrasiyası deməkdir. Komandanı öz doğma yurdundan qoparıb paytaxt və ətraf rayonların meydançalarına köçürmək, həmin bölgənin futbolunu diri-diri basdırmaqdır. Naxçıvanın, Lənkəranın, İmişlinin və ya digər bölgələrimizin gəncləri öz kumirlərini televizordan yox, doğma stadionun tribunalarından görməlidir. Paytaxt mərkəzçiliyi isə bölgələrdəki gənc istedadları futbol seçimindən birmənalı olaraq məhrum edir.

Asanlıqla sığındıqları "infrastruktur yoxdur" bəhanəsi futbol məmurlarının öz fəaliyyətsizliklərini gizlətmək üçün istifadə etdikləri ən köhnə qalxandır. Amma arxivləri vərəqləyəndə reallıq tamamilə fərqli mənzərə ortaya qoyur. Ölkə başçısı tərəfindən hələ illər öncə təsdiqlənmiş "Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı" sənədində qara hərflərlə yazılmışdı:

“Futbolun maddi-texniki bazasının inkişaf etdirilməsi, regionlarda uşaq və yeniyetmə futbolunun kütləviliyinin təmin edilməsi və bütün səviyyələrdə futbolun dinamik, davamlı inkişafı təmin olunmalıdır".

Proqramın əsas hədəflərindən biri məhz bölgələrdə futbolu dirçəltmək, şəhər və rayonlarda yeni stadionlar, müasir akademiyalar tikmək və yerli gəncləri bu idmana cəlb etmək idi. Sənədin icra planında təhsil müəssisələrində futbol bölmələrinin açılması, yerli infrastrukturun qurulması birmənalı öhdəlik kimi qarşıya qoyulmuşdu.

İndi isə AFFA funksionerlərinə sual vermək lazımdır: Bu rəsmi sənədin, dövlətin futbolun inkişafı üçün müəyyənləşdirdiyi strateji xəttin tələbləri haradadır? Dövlət proqramında klubların Bakı otellərində qalıb, paytaxt stadionlarını növbə ilə bölüşməsi yazılmışdı? Regionlarda uşaq futbolunu məhv edib, bütün çempionatı bir şəhərə sıxışdırmaq hansı "inkişaf strategiyasına" sığır? Ortaya qoyulan mənzərə proqramın hədəflərinə xidmət etmək yox, dövlətin futbola ayırdığı imkanları və etimadı göyə sovurmaqdır.

Bu coğrafi rəzalətin və didərgin futbol siyasətinin ən ağrılı, ən acınacaqlı simvolu isə "Araz-Naxçıvan" komandasıdır. Naxçıvan futbolunun onilliklərlə ölçülən ənənələrini, minlərlə çılğın və sadiq azarkeşin sevgisini çiyinlərində daşıyan bu klub, rəsmən köçəri tayfa həyatı yaşamağa məhkum edilib. Naxçıvan şəhər stadionu müasir standartlara cavab vermədiyi üçün komanda uzun müddətdir ki, öz doğma yurdunda, doğma azarkeşləri önündə bir dənə də olsun rəsmi oyun keçirə bilmir.

Daha da biabırçısı odur ki, "Araz-Naxçıvan" Bakıda məskunlaşsa da, paytaxtda belə özünə daimi sığınacaq tapa bilmir. Bir müddət Mərdəkandakı arenada oynayan klub, oranın təmirə bağlanmasından və satılmasından sonra gah Sumqayıta, yeni mövsümdə gah Qəbələyə sığınır, ev oyunlarını isə Şamaxı şəhər stadionuna daşımağa çalışır. Adı Naxçıvan olan, bazası Bakıda yerləşən, ev oyununu isə Qəbələdə və ya Şamaxıda keçirən bir futbol klubu təsəvvür edin! Bu, idarəçilikdəki peşəkarlığın deyil, Azərbaycan futbolundakı xaotik idarəetmənin və infrastruktur rəzalətinin canlı sübutudur. Naxçıvanlı azarkeşlər öz komandalarına tribunadan dəstək vermək üçün ölkənin bir ucundan digər ucuna səyahət etməli, yaxud da komandalarını ancaq ekrandan izləməlidirlər. Premyer Liqada iddialı yerlər uğrunda vuruşan bir klubun öz doğma torpağına həsrət qalması idman adına böyük bir utanc mənzərəsidir.

İllərdir futbolun inkişafına ayrılan milyonlarla vəsait hara xərclənib ki, bu gün bölgələrdə normal ot örtüyü, müasir baza və akademiyalar qurulmayıb? AFFA və klub rəhbərliklərinin bu məsuliyyətsiz, rahatlığa qaçan idarəçilik mexanizmi Azərbaycan futbolunu məhz bu bataqlığa sürükləyib. Paytaxtda rahat otellərdə qalmaq, paytaxt və ətraf rayonların stadionlarını növbə ilə bölüşmək funksionerlər üçün asan yol ola bilər, lakin bu yol Azərbaycan futbolunu gələcəksizliyə aparır.

Premyer Liqanı bu "Bakı çempionatı" və "köçəri klublar" statusundan çıxarmaq üçün kağız üzərindəki layihələrə yox, radikal və cəsarətli addımlara ehtiyac var. Naxçıvan klubu başda olmaqla, bütün komandalar dərhal və mütləq şəkildə təmsil etdikləri regionlara köçürülməli, dövlət tərəfindən bölgə infrastrukturunun bərpası üçün federasiyaya ciddi və qəti şərtlər qoyulmalıdır. Region futbolu yaşamadan milli komandanın uğur qazanmasını gözləmək, qum üzərində qəsr ucaltmaq kimidir. Əgər bu bərbad idarəçilik sistemi dəyişməsə, biz yaxın gələcəkdə "Azərbaycan çempionatı" adını tamamilə unudub, rəsmən paytaxt mərkəzli bir ilk birinciliyi seyr etməyə məhkum olacağıq.                 

Bu gün Azərbaycan futbolunun xəritəsi idarəçilərin acizliyinin və məsuliyyətsizliyinin coğrafi sübutudur. Bir ölkənin çempionatı, adı kağız üzərində "Azərbaycan" olub, özü 20 kilometrlik Bakı radiusuna sıxışdırıla bilməz! Bu, sadəcə idman uğursuzluğu deyil, bütöv bir nəslin, bölgələrdə futbol arzusu ilə yaşayan minlərlə gəncin gələcəyini və ümidlərini oğurlamaqdır. Region klublarını paytaxtın "otellərində və süni meydançalarda" bəsləyib süni həyatda tutmaqdansa, bu çempionatın adını rəsmən "Bakı Birinciliyi" qoyun, hamı rahatlaşsın. Çünki azarkeşi olmayan, vətənindən didərgin düşən və paytaxtın kölgəsinə sığınan futbol heç vaxt inkişaf etməyəcək.

Əlövsət HÜSEYNQULIYEV 

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri,

Antiterror və təhlükəsizlik üzrə ekspert, futbol üzrə ikiqat Azərbaycan çempionu