Naxçıvanda II “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Levent Bulut – Naxçıvan” (LBN) döyüş klubu ilə birgə təşkilatçılığı və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Naxçıvan şəhərində II “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,
Turnirdə 17 klubdan 144 idmançı iştirak edib. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən yarışda həm kişi, həm də qadın kateqoriyalarında müxtəlif çəki dərəcələri üzrə döyüşlər keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan qarşılaşmaların sonunda fərqlənən idmançılar mükafatlandırılıblar.
Turnirin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifəsinin icra edən Məcid Seyidov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, Azərbaycanda idmanın, xüsusilə də gənclər arasında geniş yayılmış döyüş idman növlərinin inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. İdmançıların beynəlxalq və respublika səviyyəli yarışlara hazırlığı, onların müasir infrastruktur və lazımi şəraitlə təmin olunması dövlət idman siyasətinin əsas istiqamətlərindəndir. Məcid Seyidov vurğulayıb ki, belə yarışların Naxçıvanda keçirilməsi bölgədə idmana olan marağın artırılması, istedadlı idmançıların üzə çıxarılması və onların yarış təcrübəsinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Levent Bulut – Naxçıvan” Döyüş Klubunun rəhbəri Etibar Qəribov çıxışında turnirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, yarışın keçirilməsində əsas məqsədlərindən biri Naxçıvanda kikboksinqin inkişafına töhfə vermək, müxtəlif yaş qruplarından olan idmançıların yarış təcrübəsini artırmaq və gəncləri sağlam həyat tərzinə, idmana təşviq etməkdir.
Turnirin fəxri qonağı, tanınmış türkiyəli məşqçi və təşkilatçı Ləvənt Bulut çıxışında Naxçıvanda belə mötəbər idman tədbirinin keçirilməsindən məmnunluğunu ifadə edib. O, turnirin artıq ikinci dəfə təşkil olunmasının yarışın ənənəyə çevrilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ləvənt Bulut Naxçıvanda idmana, xüsusilə döyüş idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirərək, burada gənclərin idmana böyük maraq göstərdiyini qeyd edib.
Naxçıvanda kikboksinq idman növünün inkişafına göstərilən diqqətə və turnirin təşkilinə verilən dəstəyə görə nazir müavini Məcid Seyidova və turnirin fəxri qonağı Ləvənt Buluta LBN döyüş klubunun adından fəxri fərman təqdim olunub.
Çıxışlardan sonra yerli incəsənət xadimlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Bədii hissənin ardınca qonaqlar turnirin növbəti görüşlərini izləyiblər. Döyüşlərin sonunda idmançılar diplom, medal və kubokla təltif ediliblər. Yarışın təşkilində əməyi keçənlər təşəkkürnamə ilə təltif olunublar.













