Naxçıvanda kartof və tərəvəz əkini üzrə subsidiya 600 manata çatdırılıb

Naxçıvanda kartof və tərəvəz əkini üzrə subsidiya 600 manata çatdırılıb

07 Sentyabr 2026

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Belə ki, ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.

Bundan əlavə müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.

Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.

Həmçiin dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digərlər sahələr üçün isə 400 manata çatdırılıb.