Tarixi yaddaş, milli irs və sülhün həqiqi mahiyyəti
11–12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan siyasi və ictimai dairələrində verilən reaksiyalar bir mühüm həqiqəti yenidən gündəmə gətirdi: regionda davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, Azərbaycanın suverenliyinə, tarixi həqiqətlərə və mədəni irsə qarşılıqlı hörmət əsasında mümkündür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə xarici diplomatların səfərinin Ermənistanın siyasi gündəminə çevrilməsi isə yeni reallıqların qəbul edilməsinə mane olan yanaşmaların hələ də mövcudluğunu göstərir.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri, ilk növbədə, bölgədə baş verən dəyişiklikləri yerində görmək baxımından əhəmiyyət daşıyırdı. Onların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, sosial-iqtisadi layihələr və tarixi-mədəni irslə tanış olmaları Azərbaycanın öz ərazisində həyata keçirdiyi fəaliyyət haqqında birbaşa məlumat əldə etmək imkanı yaradıb. Belə bir səfərin Ermənistan tərəfindən etiraz və tənqid predmetinə çevrilməsi isə təbii olaraq suverenlik məsələsini gündəmə gətirir. Azərbaycan öz ərazisində xarici diplomatik nümayəndələri qəbul etmək və onlara ölkədə gedən prosesləri göstərmək hüququna malikdir.
Bu reaksiyaların diqqət çəkən başqa bir istiqaməti isə Qarabağın tarixi və mədəni irsi ilə bağlı mübahisələrdir. Gəncəsər və Xudavəng kimi abidələrin tarixi mənsubiyyəti ətrafında səsləndirilən fikirlər göstərir ki, regionun mürəkkəb keçmişinə münasibətdə elmi obyektivliyə və tarixi faktlara əsaslanan yanaşmaya ehtiyac var. Qafqaz Albaniyası irsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu irsin öyrənilməsi və qorunması siyasi qarşıdurmanın vasitəsinə çevrilməməli, tarix elminin və mədəni irsin prinsipləri əsasında həyata keçirilməlidir.
Məhz burada daha geniş və prinsipial bir məsələ ortaya çıxır: əgər tarixi və dini-mədəni irsin qorunması ümumi bəşəri dəyərdirsə, bu prinsip niyə bütün coğrafiyalarda eyni meyarla tətbiq edilməməlidir? Tarixi irsə münasibətdə ikili yanaşma həm elmi obyektivliyə, həm də xalqlar arasında qarşılıqlı etimadın formalaşmasına zərər vurur.
Bu məsələ mənim üçün yalnız siyasi müzakirə mövzusu deyil. Çünki mən əslən Qərbi Azərbaycandanam. Ailəm 1988-ci ildə doğma torpaqlarımızdan deportasiya olunub. Biz həmin gündən bu günədək ana vətənimizə qayıda bilməməyin həsrəti ilə yaşayırıq. Ona görə də doğma torpaqdan ayrı düşməyin nə demək olduğunu yalnız tarixi fakt kimi deyil, şəxsi həyatımın bir hissəsi kimi dərk edirəm.
Qərbi Azərbaycan mənim üçün sadəcə coğrafi ad deyil. Orada ata-babalarımızın yaşadığı evlər, məhəllələr, məscidlər, tarixi məkanlar və ən başlıcası, doğmalarımızın məzarları var. İnsan üçün yaxınlarının uyuduğu qəbiristanlığı ziyarət edə bilməmək çox ağır mənəvi hissdir. İllər keçsə də, bu həsrət insanın yaddaşından silinmir. Məhz buna görə Qərbi Azərbaycanda Azərbaycan xalqının tarixi-mədəni irsinin və qəbiristanlıqlarının vəziyyəti məsələsinə yalnız siyasi prizmadan deyil, insanın mənəvi dünyası, tarixi yaddaşı və fundamental humanitar dəyərlər baxımından da yanaşmaq lazımdır.
Bu baxımdan Qarabağ və Qərbi Azərbaycan məsələləri arasında bir mühüm ortaq məqam görürəm: tarixi və mədəni irs heç bir xalqın ağrısını silmək, onun yaddaşını inkar etmək və ya bir toplumun tarixini digərinin hesabına təqdim etmək vasitəsinə çevrilməməlidir. Əksinə, hər bir xalqın mədəni irsinə hörmət qarşılıqlı anlayışın əsasını təşkil etməlidir.
Mən bir ziyalı və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü kimi düşünürəm ki, tarixi yaddaşa seçici yanaşmaq olmaz. Qarabağda tarixi və dini irsin qorunması nə qədər vacibdirsə, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni izlərin, qəbiristanlıqların, məscidlərin və digər irs nümunələrinin taleyinin araşdırılması da bir o qədər diqqət tələb edir.
Nəhayət, sülhün davamlı olması üçün yalnız siyasi razılaşmalar kifayət etmir. Sülh həm də insanların öz ağrısını ifadə edə bilməsi, tarixi yaddaşına hörmət göstərilməsi, mədəni irsin qorunması və gələcək nəsillərin düşmənçilik deyil, qarşılıqlı anlayış şəraitində böyüməsidir. Qərbi Azərbaycana qayıtmaq arzusu mənim üçün də məhz belə bir tarixi yaddaş və mənəvi ədalət məsələsidir. İnanıram ki, Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyi tarixi həqiqətə, insan hüquqlarına, mədəni irsin qorunmasına və qarşılıqlı hörmətə əsaslanan yanaşma üzərində qurula bilər.
Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü








