Qətimkan tədbirinin şərtləri pozulduqda nə baş verir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda hansı tədbirlər görülür?
Cavab: Şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər.
Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir.
Qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması barədə qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, həmçinin eyni vaxtda həmin şəxsin axtarışını elan edir.
Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şübhəli və ya təqsirləndirilən şəxsin tutulması barədə qərarı həmin şəxsi aşkar etmiş təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya prokuror icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiqə və ya prokurora xəbər verməlidir.
Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şübhəli və ya təqsirləndirilən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməli, yaxud Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə gətirilməlidir. Məhkəmə qətimkan tədbirinin seçilməsi məsələsinə təxirə salınmadan baxmalı və qərar qəbul etməlidir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








