Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub -

Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub - FOTO

16 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, iki aya yaxın davam edən yarışın finalında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" qalibi adını qazanıb.

Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilən final qarşılaşması Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qələbə sayəsində "Prestij MFK" eyni zamanda minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün pley-off mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK"ya kuboku Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, 14 iyul – 15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.

Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK" texniki qələbə qazanaraq bürünc medala sahib olub.

Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan"ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK"nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu seçilib, Samir Kərimov isə ən məhsuldar futbolçu olub.