Naxçıvan Dövlət Universitetində Novruz şənliyi keçirilib

Naxçıvan Dövlət Universitetində Novruz şənliyi keçirilib - FOTO

18 Mart 2025

Ali təhsil ocağında Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rəhbər heyət, əməkdaşlar, universitet nəzdində fəaliyyət göstərən tabe qurum nümayəndələri, müəllim və tələbələr iştirak ediblər. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bədii rəhbəri və rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Teatr və Mədəniyyətşünaslıq kafedrasının müdiri Gülxarə Əhmədova olan Novruz Şənliyi Naxçıvan Musiqi Kollecinin Nağara ansamblının “Azərbaycan ritmləri” kompozisiyası ilə başlanıb. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış nitqində Novruzun xalqımızın qədim adət-ənənələrini özündə birləşdirən müqəddəs bir bayram olduğunu vurğulayıb. Bayramın ölkəmizdə dövlət səviyəsində qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Novruzun birlik, qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

“Son illərdə ölkəmizdə bayramların yüksək əhval-ruhiyyə ilə qeyd olunması Azərbaycanın qazandığı şanlı qələbə, ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır” deyən rektor bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi milli həmrəyliyimizi daha da gücləndirərək dövlətimizin hüquqi bazasının möhkəmlənməsinə töhfə verəcək. Rektor eyni zamanda Naxçıvan Dövlət Universitetinin uğurlarından və qarşıya qoyulan hədəflərdən bəhs edərək kollektivi və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.

Sonra Novruz tonqalı alovlandırılıb və hər kəs tonqal ətrafında dövrə vuraraq “Tənzərə yallısı” ilə rəqs edib. 

Şənlik çoxsaylı rəngarəng və ənənəvi Novruz təqdimatları ilə diqqət çəkib. 

Belə ki, “Xan bəzəmə mərasimi” və Pedaqoji fakültənin “Milli güləş” səhnəsi nümayiş edilib. Xalq Çalğı Alətləri kafedrasının “Gənclik İnstrumental Ansamblı”nın, Prezident mükafatçısı Samir İsmayılovun eləcə də Naxçıvan Musiqi Kollecinin Saz qrupunun ifaları alqışlarla qarşılanıb. Kosa və Keçəl oyunu, Naxçıvan Musiqi Kollecinin Rəqs qrupu və “Tələbə Teatr Studiyasının Yallı və Rəqs Ansamblı”nın təqdimatları xoş ab-hava bəxş edib.

Bundan əlavə, Texniki Kollecin “Ənzəli (hostana) Oyunu” və Tibb Kollecinin “Ağbaba Yallısı” xalq mədəniyyətinin gözəl nümunələrini əks etdirib. Şənlik çərçivəsində təşkil olunan Novruz sərgisi isə milli şirniyyatlar, toxuma nümunələri və Novruz ornamentlərini əks etdirən əsərlərlə bayramın mədəni zənginliyini özündə ehtiva edib.