Naxçıvan – Heydər Əliyev ideyalarının işığında
Bu gün müstəqil Azərbaycanın mövcudluğu, inkişafı, müstəqilliyini qoruyaraq daha da möhkəmləndirməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. O, bir milli lider kimi, bütün həyatını və siyasi fəaliyyətini məxsus olduğu xalqa xidmətə həsr etmiş və özünün Azərbaycan rəhbərliyinin hər iki dövründə ölkəmizi çətin sınaqlardan çıxararaq tərəqqiyə doğru aparmağa nail olmuşdur. Onun respublikada böyük siyasi əzmlə, qətiyyətlə həyata keçirdiyi tədbirlər bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MSSR-in də iqtisadi və ictimai-siyasi həyatına öz müsbət təsirini göstərdi, muxtar respublika qısa zaman kəsiyində bir əsrə bərabər inkişaf yolu keçdi .
Hələ Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə, onun diqqət və qayğısı nəticəsində muxtar respublikanın ictimai-siyasi, mədəni həyatında irəliləyiş hiss olunmağa başlanmışdı. Əldə edilmiş uğurlar ali dövlət orqanları tərəfindən yüksək qiymətləndirilmiş, “Sovet xalqlarının mehriban dostluğunun möhkəmləndirilməsində böyük müvəffəqiyyətlərinə görə” və SSRİ-nin 50 illiyi münasibətilə Naxçıvan MSSR “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmişdi. 1974-cü il fevralın 21-də Heydər Əliyev özü bu ordeni Naxçıvan MSSR-in bayrağına sancaraq nitq söyləmişdi.
1978-ci ilin oktyabrında Naxçıvanda üçüncü dəfə səfərdə olan Heydər Əliyev buradakı ictimai-siyasi və sosial iqtisadi vəziyyətlə tanış olmuş, respublika rəhbərliyi qarşısında konkret vəzifələr qoymuşdu. Həmin vəzifələr 1978-ci il oktyabrın 28-də keçirilmiş Azərbaycan KP Naxçıvan VPK plenumunda geniş müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdi. Nəticədə, muxtar respublikada kadr ehtiyatının yaradılması, onların düzgün yerləşdirilməsi istiqamətində ciddi addımlar atılmış, bir çox məsul vəzifələrdə çalışanlar işdə yol verdikləri nöqsanlara görə vəzifələrindən azad edilmişdi.
1980-ci ilin may ayında Heydər Əliyevin Naxçıvana dördüncü gəlişi muxtar respublikanın həyatında ictimai-siyasi hadisəyə çevrildi. Həmin səfərində Naxçıvan şəhərində partiya, əmək və müharibə veteranları ilə əl tutaraq bir-bir görüşmüş, onların xidmətlərini yüksək qiymətləndirmiş, problemləri ilə yaxından tanış olmuşdu. Heydər Əliyev Azərbaycan MK-nın birinci katibi kimi Naxçıvan MSSR-ə son səfərini 1982-ci ilin oktyabr ayında etmişdi.
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi ilə əlaqədar olaraq 1982-ci il dekabr ayının 2-də Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev birinci katib və MK bürosunun üzvülüyündən azad edildi. Beləliklə, Heydər Əliyevin Azərbaycana bilavasitə rəhbərlik fəaliyyətində fasilə yarandı. Lakin keçmiş SSRİ rəhbərliyindəki məsul vəzifədə işlədiyi 1982-1987-ci illərdə də o, Azərbaycanı diqqətdə saxlayır, problemlərini həll edir, respublikanın hərtərəfli tərəqqisinə daim qayğı göstərirdi.
Ümummilli liderin SSRİ rəhbərliyində tutduğu vəzifələrdən istefasından dərhal sonra, 1987-ci il noyabr ayının əvvəllərindən başlayaraq ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə mübarizəyə başladılar. Həmin günlərdə, Azərbaycanın əsas hissəsi ilə coğrafi baxımdan ayrı düşmüş Naxçıvanda da vəziyyət olduqca gərgin idi. Bu gərginlik 19 yanvar 1990-cı ildə Naxçıvanda xalqın tələbi və təzyiqi ilə Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar sessiyası çağırılmasına və ”Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” qərarın qəbul edilməsinə səbəb oldu. Bu qərarla “muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında” qaldığından Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi”yi bəyan edildi. Azərbaycan rəhbərliyi muxtar respublikanın bu qərarına mənfi münasibət bəsləyərək onun konstitusiyaya zidd olduğunu elan etsə də, müstəqillik uğrunda mübarizənin genişləndiyi bir dövrdə “Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil respublika elan etməsi qərarı böyük tarixi əhəmiyyətə malik idi”.
20 yanvar faciəsi, habelə faciədən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaranan yeni tarixi situasiya Heydər Əliyevin Moskvadan vətənə qayıdışı prosesini sürətləndirdi. 1990-ci il iyulun 20-də o, Bakıya gəldi. Lakin Heydər Əliyevin Bakıda yaşamasına o zamankı respublika rəhbərliyi səviyyəsində ciddi maneələr və təhlükəsizliyinə təhdidlər olduğundan iki gün sonra, iyulun 22-də Heydər Əliyev Bakıdan Naxçıvana gəldi. Həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında böyük dövlət xadiminin vətənə qayıdışı ilə əlaqədar toplaşan 80 mindən artıq insanla izdihamlı görüşündə ulu öndər qısa çıxışında öz xalqı ilə birlikdə olmaq üçün gəldiyini və başlıca məramının bu ağır günlərdə Vətənində olmaq istəyi olduğunu bəyan etdi.
Naxçıvan MSSR Ali Sovetinin yeni çağırışının 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına sədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. Sessiyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası adlandırıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyası Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Heydər Əliyev sessiyada Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında irəli sürülən təşəbbüsü də elan etdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin”.
Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 3-də fövqəladə sessiyası keçirildi. Həmin gün deputatların təkidli xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin tələbi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçilməyə razılıq verdi. Ali Məclisin sessiyasında bu barədə qərar qəbul olundu: ”Heydər Əlirza oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilsin”.
Heydər Əliyevin Ali Məclisə Sədr seçilməsindən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və ciddi qərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 sentyabr tarixli qərarı ilə sentyabrın 8-ə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi Naxçıvan MR ərazisində dayandırıldı. O zamankı kommunist rejimi bu seçkiləri keçirməklə yalnız öz hakimiyyətini legitimləşdirmək kimi şəxsi və dar mənafeyini güdürdü.
Belə bir mərhələdə Heydər Əliyev özünün milli birlik və həmrəyliklə bağlı ideyalarını da inkişaf etdirir və bu birliyin yalnız ölkə hüdudları daxilində deyil, habelə bütün dünyada yaşayan milyonlarla azərbaycanlının simasında təcəssüm etdirilməsini zəruri sayırdı. Bu məqsədlə onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisi “31 dekabr Dünya Azəri Türklərinin Həmrəylik və Birlik Günü” haqqında qərar qəbul etdi. Bu qərarla “sərhəd hərəkatı” adı ilə tarixə düşmüş 1989-cu il dekabr ayının sonlarında Azərbaycanın İranla dövlət sərhədlərinin sökülməsi prosesinin milli mənafelərə uyğun uğurlu şəkildə tarixiləşdirilməsi həyata keçirildi.
1992-ci il Naxçıvan MR üçün çox mürəkkəb və məsuliyyətli il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atılmışdı. Qonşu Türkiyə və İrana olan səfərləri, həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Araz çayı üzərində Azərbaycanla (Naxçıvanla) Türkiyə arasında Sədərək-Dilucu “Ümid körpüsü”nün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynayır.
1993-cü ilin may-iyun aylarında Gəncə hadisələri Azərbaycan dövlətçiliyini məhvolma təhlükəsi, cəmiyyəti isə vətəndaş müharibəsi ilə üz-üzə qoydu. Belə bir vəziyyətdə xalq bütün ümidini Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə bağladı. Prezident Ə.Elçibəyin xahişi və dəvəti ilə 1993-cü il iyunun 9-da ümummilli lider Naxçıvandan Bakıya getdi.
Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan parlamentinin iclasında böyük səs çoxluğu ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyun ayının 24-də Milli Məclis 630 № li qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasını Ali Sovetin Sədrinə həvalə etdi. 1993-cü il oktyabrın 3-ə təyin olunan növbədənkənar prezident seçkilərində 98,8% səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da milli dövlətçiliyimizin xilası, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafı prosesi başlandı.
1997-ci il iyun ayının 27-də Milli Məclis xalqın müxtəlif zümrələrinin, minlərlə seçicinin müraciətlərini, arzu və istəklərini nəzərə alaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin respublikada hakimiyyətə qayıtdığı 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi barədə qərar qəbul etdi. Bu qərar Azərbaycanın böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürü idi.
90-cı illərin ortalarında Azərbaycan Respublikası, habelə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident Heydər Əliyevin sədrliyi ilə 1995-ci il iyun ayının 2-də Konstitusiya Komissiyası yaradıldı. Komissiya Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayıb 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə verdi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi.
Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə Heydər Əliyev Naxçıvana xüsusi münasibət bəsləyir və muxtar respublikanın hərtərəfli inkişafı üçün zəruri diqqət və qayğı göstərirdi. Onun dövlət başçısı kimi Naxçıvana ilk səfəri 1996-cı ilin oktyabrında həyata keçirildi. Naxçıvanda həmişəki kimi böyük məhəbbət və hərarətlə qarşılanan Heydər Əliyev Naxçıvana olan münasibətini belə açıqlamışdı: ”Məni naxçıvanlılara bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmam deyil, həm də muxtar respublika üçün ağır dövrdə – 1990-1993-cü illərdə onlarla bir yerdə yaşamam, Naxçıvanı birgə qorumam idi” .
Səfər zamanı böyük Azərbaycan şairi və dramaturqu H.Cavidin qəbri üzərində tikilmiş məqbərənin açılışında iştirak edən Prezident Heydər Əliyev ictimaiyyətin nümayəndələri, əsgər və zabitlərlə, Ali Məclisin üzvləri ilə görüşlər keçirdi.
Naxçıvanın muxtariyyət statusuna həmişə böyük əhəmiyyət verən Prezident Heydər Əliyev 1999-cu il fevralın 4-də “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Fərman, fevralın 12-də isə “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzaladı. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının təşkil edilməsinin 75 illiyi ilə əlaqədar Bakı şəhərində, müxtəlif rayonlarda tədbirlər, elmi konfranslar keçirildi. Heydər Əliyev Naxçıvan MR-nın 75 illiyi münasibətilə keçirilən dövlət tədbirlərində iştirak etmək üçün 1999-cu il oktyabr ayının 10-da Naxçıvana gəldi, yeni müəssisələrin açılışında iştirak edən ulu öndər muxtariyyətin yubileyinə həsr edilmiş təntənəli mərasimdə geniş və əhatəli nitq söylədi.
Prezident Heydər Əliyevin Naxçıvana növbəti səfəri 2002-ci il iyunun 15-də oldu. O, Naxçıvanda Olimpiya-İdman Kompleksinin açılışında, “N” saylı hərbi hissədə keçirilən tədbirdə, görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin açılış mərasimində iştirak və çıxış etdi.
Heydər Əliyev 2002-ci il avqust ayının 10-da Naxçıvana həmin ildə ikinci, ümumiyyətlə isə, Prezident kimi dördüncü dəfə səfər etdi. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə Naxçıvana böyük qayğı ilə yanaşmış, muxtar respublikanın siyasi-hüquqi, sosial-iqtisadi, elmi-mədəni cəhətdən yüksəlişi və tərəqqisi yolunda mühüm qərarlar qəbul etmiş, ardıcıl tədbirlər həyata keçirmişdir. Bu gün də muxtar respublika Heydər Əliyev ideyalarını rəhbər tutmaqla ardıcıl inkişaf etdirilir.
Bir sözlə, Heydər Əliyev Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq kimi bəşəri dəyərləri bəxş etdi. Eyni zamanda, xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi.
Fəxriyyə Cəfərova
Naxçıvan Müəllimlər İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru, dosent








