Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanları davam edir - FOTO
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanların üçüncü günündə fizika, ibtidai sinif və coğrafiya fənləri üzrə 953 müəllimin iştirakı nəzərdə tutulur.
Test imtahanları Naxçıvan şəhərindəki 4 və 11 nömrəli tam orta məktəblərdə, eləcə də Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub. Prosesin ilk seansında 90 faiz iştirak qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov imtahan mərkəzlərində olaraq proseslə yaxından tanış olub, müəllimlərə uğurlar arzulayıb.
Qeyd edək ki, test mərhələsində iştirakçılara 120 dəqiqə ərzində 60 sual təqdim olunur. Minimum 30 bal toplayan müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.











