Naxçıvan məktəbliləri Respublika Fənn Olimpiadasında uğur qazandı -

Naxçıvan məktəbliləri Respublika Fənn Olimpiadasında uğur qazandı - FOTO

12 İyun 2026

9- 10 və 11-i iyun tarixlərində  paytaxt Bakı şəhərində Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Respublika Fənn Olimpiadalarında qalib olan Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin   şagirdlərinə də mükafatlar təqdim olunub.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında muxtar respublikanın  ümumtəhsil məktəblərindən 6 şagird qalib olub.

️Belə ki, Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev olimpiadanın final mərhələsində informatika fənni üzrə qızıl medal qazanıb. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Kənan Qənbərov isə coğrafiya fənni üzrə gümüş medala layiq görülüb.

Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Nazim İsgəndərov tarix fənni üzrə, Naxçıvan Qızlar Liseyinin şagirdləri Nazəni Qasımzadə və İradə Axundlu biologiya fənni üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Yaşar Hüseynov isə tarix fənni üzrə bürünc medal qazanıblar.

Respublika Fənn Olimpiadalarında əldə olunan bu nəticə ötən illə müqayisədə 100 faiz artım deməkdir. Belə ki, 2024–2025-ci tədris ilində şagirdlərimiz 1 gümüş və 2 bürünc medal qazanmışdı.

️Respublika Fənn Olimpiadalarında qalib olan şagirdlərimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq!