Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

03 Oktyabr 2025

Bu gün – 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, həmin günün qeyd olunması 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə bağlıdır. Həmin sənədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyulub.

Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət prinsiplərinə əsaslanaraq üzv ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsində mühüm regional platforma rolunu oynayır.

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşü isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderlərinin iştirak etdiyi Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan Bəyannaməsi imzalanıb.

Prezident İlham Əliyev həmin toplantıda çıxış edərək, 1992-ci ildə keçirilmiş ilk zirvədən ötən dövrdə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm irəliləyişlərin əldə edildiyini vurğulamışdı.

Bu gün TDT-nin fəaliyyətinin təmin olunması üçün bir sıra strukturlar yaradılıb: Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Katiblik, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası.

Beləliklə, oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi hər il xüsusi qeyd olunur və türkdilli dövlətlərin həmrəyliyinin rəmzi hesab edilir.