
İşçilərin xahişi ilə ödənişsiz məzuniyyətlər hansı müddətə verilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Əmək Məcəlləsinə əsasən işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;
ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə — bir təqvim ayınadək;
d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;
e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;
ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan valideynlərə — 14 təqvim gününədək;
f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək;
g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
x) əlilliyi olan uşaqları olan işçilərə - 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır