Şərurda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Şərurda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

30 May 2026

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sel sularında köməksiz vəziyyətdə qalan şəxs Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə “Arpaçay” çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal hadisə yerinə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Elmir Məhərrəm oğlu Cəfərov təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb. Video Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunub.