Naxçıvanda "Şam işığında retro" adlı konsert keçirilib - FOTO
Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycanın ilk orijinal Şam İşığında konsert layihəsinin növbəti tamaşasına ev sahibliyi edib. "Şam İşığında Retro" adlı unikal gecə, yüzlərlə şamın işığı altında klassik Azərbaycan retro mahnılarını romantik bir atmosferdə tamaşaçılara yenidən yaşadıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsertə olan böyük maraq və tələbat səbəbindən eyni ifalardan ibarət iki ayrı seans şəklində keçirilən konsert proqramının hər iki seansı tamaşaçılar tərəfindən böyük həvəs və coşqu ilə qarşılanıb.
Gecə boyunca Ərəstun Quliyev, Nurlana Abdullayeva və Telman Budaqovun solo və birgə çıxışlarında "İlk dəfə görmüşəm", "Məhəbbət çırağı", "Nazəndə sevgilim" kimi sevimli retro nəğmələr ifaçıların ustalıqlı səsi ilə yenidən həyat tapıb. Konsert axşamı hər üç ifaçının birgə səsləndirdiyi "Qaytar eşqimi" final dueti ilə tamamlanıb.
Layihənin Naxçıvan üzrə icraçı direktoru Vəli Babayev tərəfindən idarə olunan Azərbaycanın ilk yerli Orijinal Şam İşığında konsertlərinin təşkilatçılığı ilə keçirilən Naxçıvan konserti milli musiqi irsini müasir və romantik bir formatda geniş tamaşaçı kütləsinə çatdırmağa nail olub.












