Naxçıvanda “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib - FOTO
Qədim Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun Türbəsi ətrafında yerləşən Əcəmi seyrəngahı növbəti dəfə əlamətdar mədəniyyət hadisəsinə ev sahibliyi edib. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun Türbəsi və Açıq Səma Altında Muzey Kompleksinin qarşısında “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə baş tutan tədbirdə bildirilib ki, kolleksiya qədim memarlıq irsinin müasir sənət dili ilə ifadəsini özündə əks etdirir. Əcəmi Naxçıvaninin yaradıcılığından ilhamlanan kompozisiyalarda Möminə Xatun Türbəsinin ornamentləri, həndəsi naxışları və simvolik memarlıq elementləri ipək üzərində yenidən canlandırılıb.
Qeyd olunub ki, “Yeləni” kolleksiyası təkcə dekorativ sənət nümunəsi deyil, həm də daş yaddaşın ipək üzərində bədii təcəssümüdür. Təqdim olunan əsərlər milli ruhu və mədəni yaddaşı yaşadaraq keçmişlə gələcək arasında estetik körpü yaradır.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Xanım İbrahimova milli-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması, həmçinin böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi tədbirə xüsusi rəmzi məna qazandırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam və deputat Həbibə Allahverdiyeva çıxışında “Yeləni” kolleksiyasını milli ornamentlərin çağdaş sənət dili ilə təqdimatının uğurlu nümunəsi kimi dəyərləndirib.
Daha sonra alqışlarla kolleksiyanın nümayişi keçirilib. Təqdim olunan nümunələrdə qədim ornamentlərin müasir estetik baxışla vəhdəti, memarlıq motivlərinin ipəyin zərifliyi ilə harmoniyası böyük maraq doğurub.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə “Səma” adlı kompozisiyanın təqdimatı olub. Balaca Səmanın iştirakı ilə nümayiş etdirilən kompozisiyada səmanın rəngləri, ulduzların parlaqlığı və sonsuz maviliyin poetik ruhu bədii şəkildə əks olunub.
Möminə Xatun ornamentləri əsasında hazırlanan kəlağayılarla yanaşı, “Natəvan”, “Sara Xatun”, “Həcər”, “Xalça”, “İrəvan”, “Qobustan”, “Daş Buta”, “Sünbül Buta”, “Nar” və ilk dəfə Naxçıvanda təqdim olunan “Turan” kompozisiyaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Yeləni” kəlağayılarının təsisçisi və kolleksiyanın müəllifi Nigar Həziyeva tədbirin təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


















