Naxçıvanda Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olundu -

Naxçıvanda Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olundu - FOTO

11 Oktyabr 2025

Azərbaycan Respublikası Prezidentinin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Təvazökar Mirzə Qədim İrəvani” adlı sərgi və “Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin üzvü, Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva açaraq, Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, onun Azərbaycan təsviri sənətinin inkişafındakı rolundan geniş bəhs etmişdir.

Elmi-praktik konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Elşən Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova, Türkiyə Respublikasının Naxçıvandakı konsulu Asip Kaya və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir çərçivəsində Naxçıvan rəssamlarının Mirzə Qədim İrəvaninin yaradıcılığından ilhamlanaraq hazırladıqları rəsm əsərləri nümayiş etdirilmiş, sənətkarın yaradıcılıq irsinin müasir Azərbaycan təsviri incəsənətindəki əhəmiyyəti vurğulanmışdır.

Sərgi və konfrans iştirakçıları Mirzə Qədim İrəvaninin sənət dünyasında qoyduğu dərin izləri, onun milli təsviri incəsənətin formalaşmasında rolu və bədii irsinin bu gün də rəssamlar üçün ilham mənbəyi olmasını xüsusi qeyd etmişlər.