Naxçıvanda 1 128 hektarda yazlıq əkin başa çatdırılıb -

Naxçıvanda 1 128 hektarda yazlıq əkin başa çatdırılıb - FOTO

14 Mart 2026

Cari ildə Naxçıvanda yazlıq əkinlərin, həyətyanı torpaq sahələri nəzərə alınmadan, 3 min 800 hektar ərazidə aparılması planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Həyətyanı sahələr də daxil edilməklə bu göstəricinin 6 min hektara çatdırılması hədəflənir.

"Hazırda əkin və şum prosesləri muxtar respublikanın fərqli bölgələrində ardıcıl qaydada davam etdirilir. Keçən il Naxçıvanda yazlıq əkinlər təxminən 5 min 800 hektar ərazini əhatə edib. Bu il muxtar respublikada yazlıq əkin işlərinin daha böyük miqyasda reallaşdırılması nəzərdə tutulur", - məlumatda deyilir.

Artıq 1 min 128 hektara yaxın torpaq sahəsində yazlıq əkin tamamlanıb. Bu ərazilərin 200 hektardan çox hissəsində suvarma tədbirləri də icra olunub. Nazirlikdən bildirilib ki, növbəti mərhələlər üçün hazırlıq prosesi də fasiləsiz davam edir. Belə ki, 1,6 min hektardan artıq sahədə şum işləri yekunlaşdırılıb və torpaqlar əkinə yararlı hala gətirilib.

"Bu vəziyyət yazlıq əkin mövsümünün planlaşdırılan həcmdə və müəyyən edilmiş vaxt çərçivəsində tamamlanması üçün münasib zəmin formalaşdırır",- məlumatda qeyd olunur.

Mütəxəssislər artımın əsas səbəbini bu il qeydə alınan bol yağıntılar və su ehtiyatlarının çoxalması ilə bağlayırlar. Əlverişli hava şəraiti torpağın məhsuldarlığına və əkin prosesinin vaxtında başlamasına müsbət təsir göstərib. Hazırda muxtar respublika ərazisindəki su anbarlarında cəmi 130 milyon 790 min kubmetr su ehtiyatı toplanıb. Yağıntıların davam etməsi isə su ehtiyatlarının həcminin gələcəkdə daha da artacağına əsas verir.